Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Natiq Mirzəliyevin xatirəsi anılıb

26 oktyabr 2018 | 11:00

Oktyabrın 26-da şəhid Natiq Qələmşah oğlu Mirzəliyevin vaxtilə təhsil aldığı və hazırda onun adını daşıyan Ağsu rayon Ağarx kənd tam orta məktəbində anım mərasimi keçirilib.
  Rayon icra hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu Rayon Şöbəsinin nümayəndələri, şəhidin əzizləri, müəllimlər və kənd sakinləri əvvəlcə Natiq Mirzəliyevin uyuduğu qəbiristanlığa gələrək onun məzarını ziyarət edib, qəbri üstünə çiçəklər qoyublar. Burada şəhidin ruhuna dualar oxunub.
  Təhsil ocağının iclas zalında keçirilən mərasimdə dövlət himni səsləndirilib. Mərasimi açan məktəbin direktoru Rasim Hüseynov şəhid Natiq Mirzəliyevin qısa, lakin mənalı və şərəfli həyat tarixçəsini danışıb. Bildirib ki, 1971-ci il yanvarın 3-də Ağsu rayonunun Bozavand kəndində anadan olan N.Mirzəliyev 1978-ci ildə Ağarx kənd tam orta məktəbinin I sinfinə gedib, 1988-ci ildə həmin məktəbi bitirib. Bir il sonra keçmiş sovet ordusu sıralarında hərbi xidmətə çağırılıb və 1991-ci ildə Ukraynada xidməti başa vuraraq vətənə qayıdıb.
  Qeyd olunub ki, artıq o vaxt ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycanda gərgin vəziyyət yaranmışdı. 1992-ci ildə Natiq könüllü olaraq cəbhəyə yollandı, Ağdərə batalyonunun tərkibində döyüşə qatıldı. Canyataq, Çıldıran və digər kəndlər uğrunda gedən döyüşlərdə özünü igid bir döyüşçü kimi tanıtdı. Lakin tale onun üzünə sonadək gülmədi. Elə həmin il oktyabrın 27-də Ağdamın Quzanlı kəndi uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.
  Mərasimdə rayon icra hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kamal Mirzəyev, Bozavand kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Mirzağa Məmmədov, şəhidin yaxını Ağacavad Cəfərov və başqaları erməni qəsbkarlarının xalqımızın başına açdığı bəlalardan, bu gün ölkəmizin Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyi nailiyyətlərdən, ordumuzun torpaqlarımızı hər an düşməndən azad edə biləcək qüdrətindən, şəhidlərimizin qanının yerdə qalmayacağından danışıblar.
  Şəhidin qardaşları Urumşah və Baloğlan Mirzəliyevlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
  Anım mərasimində şəhidin qısa ömür yolunu əks etdirən videoçarx nümayiş olunub, məktəblilərin ifasında Vətənə, şəhidlərə həsr edilən şeirlər oxunub.

Keçidlər