Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilən geniş iclasında Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf sahəsində qarşıya qoyduğu vəzifələrə həsr olunmuş yığıncaq keçirilib
2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr edilən hesabat yığıncağında qeyd edilib ki, kənd təsərrüfatının inkişafına göstərilən dövlət qayğısı, aparılan islahatlar aqrar bölgə olan Ağsu rayonunda iqtisadiyyatın bu mühüm sahəsinin dinamik inkişafına imkan yaradıb. Sovetlər birliyi dövründə ənənəvi sahə olan, sonradan demək olar ki, unudulan bir sıra istiqamətlərin, o cümlədən baramaçılığın, pambıqçılığın yenidən dirçəldilməsi rayonun iqtisadi həyatında böyük canlanmaya səbəb olub. Cari mövsümdə 15 kənd inzibati ərazi dairəsi üzrə 87 ailə bəslədikləri ipəkqurdu toxumundan 10935 kiloqram barama götürüb ki, bu da əvvəlki illə müqayisədə 5443 kiloqram çoxdur. Bu il rayonda 2600 hektar sahədə pambıq yetişdirilib və indiyədək qəbul məntəqələrinə 1300 tona yaxın məhsul təhvil verilib. Hazırda yığım davam edir.
Təkcə bu ilin doqquz ayında bölgədə ümumi məhsul buraxılışının həcmi 141 milyon 266,4 min manat təşkil edib. Bunun da 51 faizi kənd təsərrüfatının payına düşür. Ümumi məhsul buraxılışı da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artıb.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, eləcə də digərləri Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların bölgənin sosial-iqtisadi həyatına verdiyi töhfələrdən danışıb, kənd təsərrüfatının digər sahələrində də uğurlu nəticələrin qazanıldığını diqqətə çatdırıblar. Bildirilib ki, 33 min 382,3 hektar sahədən 99 min 902 ton taxıl istehsal olunub, habelə heyvandarlıqda bütün göstəricilər üzrə dinamik inkişaf təmin edilib. Aqrar sektorda müasir texnologiyanın tətbiqi də xüsusi diqqət mərkəzində saxlanılır.
Yığıncaqda tikinti-quruculuq, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrində görülən işlər ətraflı təhlil olunub, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı istiqamətində həyata keçirilən layihələr barədə danışılıb, habelə qarşıda duran həlli vacib məsələlər ətraflı müzakirə edilib.