Xanbulaq, Hinqar və Nüydü kəndlərinə təbii qaz verilib
Yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlərin davamı olaraq oktyabrın 9-da Xanbulaq, Hinqar və Nüydü kəndlərinə təbii qazın verilməsi kənd sakinlərinin böyük sevincinə səbəb olub. Bu məqsədlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ümumilikdə, 306 fərdi yaşayış evindən ibarət olan kəndlərin qazlaşdırılması üçün ümumi uzunluğu 22 min 580 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Yeni qazlaşdırılan yaşayış sahələrində qaz şəbəkəsinin qurulmasında “bir pilləli” tənzimləmə sistemi tətbiq edilib ki, bu da hər bir abonentin fərdi qaz tənzimləyicidən istifadə etməsinə və istehlakçılara ötürülən qazın sabit rejimdə saxlanılmasına zəmin yaradır.