Prokurorluq işçilərinin peşə bayramı günü təntənəli surətdə qeyd olunub
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günü rayonda təntənəli surətdə qeyd olunub. Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Rayon prokurorluğunun inzibati binasında hüquq-mühafizə orqanları rəhbərlərinin, ziyalıların və digər qonaqların iştirakı ilə keçirilən təntənəli yığıncağı rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev açaraq prokurorluq işçilərini təbrik edib, onlara çətin, məsuliyyətli işlərində uğurlar arzulayıb. Prokurorluq orqanlarının yarandığı gündən 100 il ötdüyünü diqqətə çatdıran icra hakimiyyətinin başçısı müstəqillik illərində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu qurumun insan hüquq və azadlıqlarının təmin olunmasına, cinayətkarlıqla mübarizəyə, qanunçuluğun və hüquq qaydalarının qorunmasına xidmət etməklə sivil və demokratik inkişaf yolu keçdiyini vurğulayıb.
Rayon prokuroru, kiçik ədliyyə müşaviri Elvin Mirzəyev yığıncaqda çıxış edərək prokurorluq orqanlarının keçdiyi tarixi yola nəzər salıb. Qeyd edib ki, müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində mühüm dövlət təsisatı kimi tamamilə yenidən formalaşan, Prezident İlham Əliyevin qayğısı sayəsində fəaliyyətini mütərəqqi islahatlara uyğun şəkildə təkmilləşdirən Azərbaycan Prokurorluğu bu gün xalqın və dövlətçiliyin maraqlarının müdafiəsində, insan hüquq və azadlıqlarının qorunmasında öz xidmətlərini göstərir. Azərbaycan Prokurorluğu cinayətkarlıqla mübarizədə, qanunçuluğun təmin olunmasında, ümumilikdə, hüquq sisteminin inkişafında əhəmiyyətli rol oynayır.
Təntənəli yığıncaqda Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Əli Hüseynov və başqaları çıxış edərək, prokurorluq işçiləri günü münasibətilə təbriklərini çatdırıb, onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.