Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti tərəfindən məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzusunda seminar keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birgə artıq üçüncü ildir ki, “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində məişət zorakılığı, ailə münasibətlərində qadın hüquqları mövzusunda layihə həyata keçirir.
Layihə çərçivəsində sentyabrın 25-də Ağsu rayonunda növbəti maarifləndirici seminar təşkil olunub. Heydər Əliyev Mərkəzində keçirilən seminarda 30 nəfərdən çox fəal qadın və kişi, o cümlədən veteranlar, hüquqşünaslar iştirak edib.
Seminarda çıxış edən rayon icra hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi Nailə Bəşirova mövzunun aktuallığını diqqətə çatdıraraq ailə mühitinin qorunub saxlanması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində görülən işlərdən danışıb.
AQUPDK-nın hüquq təminatı şöbəsinin baş məsləhətçisi Ramil Süleymanov, GİZ-in layihə üzrə əməkdaşı Məlahət Mövsümova insan hüquqlarının və azadlıqlarının təmin edilməsində, bərabərlik və inkişaf strategiyasının həyata keçirilməsində bu gün ciddi maneələrdən olan məişət zorakılığı ilə davamlı mübarizənin aparılmasının, qadınların cəmiyyətdə rolunun artırılmasının, sosial statusunun yüksəldilməsinin zəruri olduğunu söyləyiblər. Bildirilib ki, yeniyetmə qızların təhsildən yayındırılması, qadınların nikah qeydiyyatına alınmaması səbəbindən onların hüquqları pozulur. Məişət zorakılığı, onun qadın və uşaqlar arasında törətdiyi fəsadlar, əslində, milli-mənəvi dəyərlərimizə yaddır. Erkən nikahın böyük məsuliyyətsizlik olduğu diqqətə çatdırılaraq vurğulanıb ki, bu hal qızların psixologiyasına mənfi təsir göstərir. Bu cür qızlar ağır ailə yükünü çəkə bilmir, cəmiyyətdən təcrid vəziyyətinə düşürlər.
Tədbirdə ölkəmizdə dövlət qadın siyasətinin prioritet sahələrdən olduğu diqqətə çatdırılıb, bu siyasətin həyata keçirilməsində AQUPDK-nin gördüyü işlər barədə ətraflı danışılıb.
Seminarda dövlət qadın siyasətinin prioritet istiqamətləri, qadın və uşaqların hüquqlarının müdafiəsi, bununla bağlı qəbul edilən qərar və qanunlar videoslaydlar vasitəsilə geniş şərh olunub.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, onlara komitənin və GİZ-in birgə nəşri olan “Qadın hüquqları üzrə bələdçi” kitabı paylanıb.