Ağsu rayonunda “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilib
Avqustun 29-da Heydər Əliyev Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Mirzəliyeva açaraq “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icrası istiqamətində yerlərdə görülən işlərdən danışıb. Vurğulanıb ki, milli-mənəvi və ümumbəşəri dəyərlərin, ailə mədəniyyətinin qorunub saxlanması, gənclərin yaşlılara hörmət, kiçiklərə qayğı ruhunda tərbiyə olunması, sağlam həyat tərzinin, nümunəvi çoxuşaqlı ailələrin təbliği, reproduktiv sağlamlıq, ailə həyatına hazırlıq, insan alveri, erkən nikah və zərərli vərdişlərin yaratdığı fəsadlar barədə maarifləndirmə məqsədilə rayon İcra Hakimiyyəti tərəfindən məktəblərimizdə mütəmadi olaraq seminarlar və diğər tədbirlər təşkil edilib.
AQUPDK-nin Aparat rəhbəri Ceyran Rəhmətullayeva və Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova çıxış edərək ölkəmizdə məişət zorakılığı ilə bağlı imzalanmış Fərman və sərəncamlar, qəbul edilmiş qanun və qərarlarla yanaşı, ictimai diskussiyalar və sosial maarifləndirmələrin sözügedən problemin tənzimlənməsinə böyük təsir göstərdiyini qeyd ediblər. Bildiriblər ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtmasından sonra Azərbaycanda da bu problemə qarşı ciddi mübarizə başlanılmışdır. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təsis edilməsi bu problemin aradan qaldırılması istiqamətində aparılan işlərin zirvəsi olmuşdur. Bu, ölkəmizdə qadınların daha fəal olmalarına, onların cəmiyyətin bütün sahələrində mühüm yer tutmalarına yüksək dövlət qayğısının göstəricisi idi.
Tədbirdə rayon İcra hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə” monitorinq qrupunun üzvləri, rayonun ümumtəhsil müəssisələrinin nümayəndələri, kənd inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.
Sonda iştirakçıları maraqlandıran suallara ətraflı cavablar verilib.