Şriftin ölçüsü :

Saytın rəngi :

“Bölgələrdə hamilə qadınların Qadın Məsləhətxanalarına cəlb edilməsi və onların infeksion xəstəliklərə yoluxma riskinin azaldılması” layihəsi çərçivəsində seminar keçirilib

20 iyul 2018 | 11:00

“Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bölgələrdə hamilə qadınların Qadın Məsləhətxanalarına cəlb edilməsi və onların infeksion xəstəliklərə yoluxma riskinin azaldılması” layihəsi çərçivəsində seminar  keçirib.
   Rayon Mərkəzi Xəstəxanasında keçirilən tədbiri açan “Cəmiyyətin İnkişafında Vətəndaş Məsuliyyəti” İctimai Birliyinin sədri Şəfəq Qədirli vurğulayıb ki, hamilə qadınlarda ən çox rast gəlinən infeksion xəstəliklərdən biri qripdir. Qrip virusu hamiləliyin  son  aylarında  vaxtından  əvvəl  doğuşa  səbəb  ola  bilir. 
   Hamilə qadınlar arasında vərəm xəstəliyinə də rast gəlinir. Hamiləlik ağciyər vərəminin gedişini ağırlaşdırır və onun aktiv formasına keçməsinə səbəb olur. Bu zaman ağciyərlərdə xəstəliyin digər formaları meydana gəlir.
  Vərəm xəstəliyi intoksikasiyaya, oksigen çatmazlığına səbəb olur ki, bu da hamiləliyin gedişini ağırlaşdırır və uşaqsalmaya səbəb olur. Amma müalicə edilərək vərəmin dölə təsirinin qarşısını  almaq  mümkündür.
    Malyariya xəstəliyi zamanı ciftdə qansızma sahələri və digər dəyişikliklər dölün hərəkətinin pisləşməsinə səbəb olur. Bəzən bətndaxili dölün yoluxması baş verir.  Toksiplazmoz  insanlara xəstə heyvanlardan və xəstə quşlardan keçir. Törədicilər hamilə qadının orqanizminə yaxşı bişirilməmiş qida məhsullarından, zədələnmiş  dəridən  və  selikli  qişalardan  keçir.
   Rayon İcra Hakimiyyətinin əməkdaşı Nailə Bəşirova çıxışında qeyd edib ki, körpələrin dünyaya sağlam gəlişi üçün hamilə qadınlar vaxtlı-vaxtında qadın məsləhətxanalarında həkim müayinəsində olmalıdır. Ancaq təəsüf ki, bəzi qadınlar buna əməl etməyərək nəinki qadın məsləhətxanasına, heç həkim qəbuluna belə getmirlər.Nəticədə dünyaya gələn körpələrin səhhətində problem yaranır. Eyni zamanda ananın da vəziyyəti ağır olur. Doğuş zamanı uşağın travma almasının səbəbi kimi ananın vaxtında həkim məsləhətxanasına müraciət etməməsi göstərilir.
   Sonra tədbirdə iştirak edənlər hamiləliklə bağlı infeksion xəstəliklərin azaldılması və sağlam uşaq dünyaya gətirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.
   Sonda iştirakçılara maarifləndirici broşür və steril vasitələr paylanıb.

Keçidlər