Hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib
Ağsu Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin təşkilatçılığı ilə hərbi xidmətini yeni başa vurub geri qayıdan gənclərlə görüş olub.
Gənclər əvvəlcə şəhərin mərkəzində, Ulu Öndərin adını daşıyan parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra Heydər Əliyev Mərkəzində gənclərə Ulu Öndərin mənalı həyatı, çoxşaxəli siyasi fəaliyyəti ilə əlaqədar ətraflı məlumat verib.
Uşaq-Gənclər İnkişaf Mərkəzində ağsaqqalların, valideynlərin, müəllimlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov çıxış edərək gəncləri şərəfli hərbi xidməti uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Veteranlar, müəllimlər gənclərə mülki həyatda da səylə çalışmağı, məsuliyyətli olmağı tövsiyə ediblər.
Şərəfli əsgər həyatından yenicə ayrılan gənclər Vətənimizin azadlığı, torpaqlarımızın işğaldan azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildiriblər.
Rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva bu il yaradılmasının 100 illik yubileyinin qeyd olunduğu Azərbaycan Ordusunun keçdiyi şərəfli yoldan, bugünkü hərbi qüdrətindən danışıb. Bildirib ki, ordumuzun gücü həm də onun sıralarında xidmət edən gənclərin Vətənə məhəbbətindədir.