Ağsuda 2014-cü ilin birinci rübünün yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir
Aprel ayının 19-da rayon icra hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar həmin dövrdə Ağsu rayonunda görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.
Hesabat yığıncağına rayon icra hakimiyyəti başçısı yanında şuranın üzvləri, şəhər və kənd inzibati ərazi nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, iş adamları dəvət olunmuşdular.
Rayon icra hakimiyyətinin başçısı cənab Ənvər Seyidəliyev hesabat yığıncağını açaraq
qeyd olunan müddətdə istər respublika, istərsə də rayon miqyasında əldə olunan uğurlardan və qarşıda duran vəzifələrdən danışmışdır.
Sonra rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İqbal Mikayılov, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası ilə əlaqədar ilin birinci rübündə Ağsu rayonunda görülmüş işlər və qarşıda duran vəzifələr ilə bağlı geniş hesabat məruzəsi etmişdir.
Hesabat məruzəsi ətrafında Ağsu rayonu üzrə Maliyyə İdarəsinin rəisi Vaqif Hüseynov, rayon təhsil şöbəsinin müdiri Tahir Xasi, Su-Kanal idarəsinin rəisi Cəmil Hüseynov və Mərkəzi Xəstəxananın baş həkiminin Əli Hüseynov müavini çıxış etmişlər.
Hesabat məruzəsində qeyd edilmişdir ki, son illər Ağsu rayonunda da nəzərəçarpacaq işlər görülmüş, əhalinin həyat səviyyəsi yüksəlmiş, iqtisadiyyatın ayrı-ayrı sahələrində inkişafa nail olunmuşdur.
“Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafını təmin edən iki Dövlət Proqramı ( 2004-2008 və 2009-2013-cü illər )” uğurla başa çatdırılmışdır. Bu müddətdə yeni iş yerlərinin açılması, tikinti, quruculuq və abadlıq işləri diqqət mərkəzində saxlanılmış, sosial problemlərin həllinə qayğı göstərilmişdir. Yollar küçə və meydanlar asfaltlaşdırılmış və abadlaşdırılmışdır. Yeni müəssisələr, çoxsaylı sahibkarlıq obyektləri yaradılaraq fəaliyyətə başlamış, nəticədə yeni iş yerləri açılaraq əhalinin məşğulluğu təmin edilmişdir.
Əhalinin və iqtisadiyyatın bütün sahələrinin elektrik enerjisi və təbii qaz təminatının yaxşılaşdırılması, nəqliyyat infrastrukturunun tikintisi və əsaslı təmiri istiqamətində bir sıra işlər görülmüş, bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir.
Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İqbal Mikayılov bildirmişdir ki, 2014-cü ilin I rübüdə də rayonun sosial - iqtisadi inkişafı uğurlu olmuşdur.
Belə ki, kənd təsərrüfatı məhsul¬la¬rının istehsalının və emalı¬nın inkişafı, əhalinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması məqsədi ilə kənd təsərrüfatının ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılıb. 2014-cü ilin məhsulu üçün 36708 ha sahədə payızlıq taxıl əkilmişdir ki, bundan da 17869 ha buğda, 18839 ha arpa əkini təşkil edir.
”Aqrolizinq” yolu ilə fermerlərə və ailə-kəndli təsərrüfatlarına 352,8 ton azot fosfor gübrəsi satılmışdır. Yazlıq bitkilərin əkin kompaniyasına başlanılıb, 01.04.2014-cü il vəziyyətinə rayonda 617,4 ha sahədə əkin aparılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə mal-qaranın sayı və heyvandarlıq məhsulları istehsalı artmışdır. 01.01.2014-cü il vəziyyətinə iri buynuzlu mal – qaranın baş sayı 40621, qoyun-keçilərin baş sayı 159666 olmuşdur. Bu da nəticə etibarı ilə heyvandarlıq məhsullarının artımına müsbət təsir göstərmiş, 1169 ton ət (diri çəkidə), 6731 ton süd, 2637 min ədəd ədəd yumurta istehsal edilmişdir.
2014-cü ilin I rbündə də sahibkarlığın inkişafı dəstəklənmiş, Ağsu şəhərində, eləcə də kəndlərdə onlarla ticarət, iaşə, məişət və servis xidməti obyektləri, plastik qapı-pəncərə hazırlayan sexlər, həmçinin digər xidmət və istehsal obyektləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi üçün inzibati bina tikilib istifadəyə verilmiş, abadlıq-quruculuq işləri, ətraf mühitin mühafizəsi və ekoloji sabitliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Ümumiyyətlə, 2014-cü ilin I rübündə rayonda fəaliyyətə başlayan yeni və bərpa edilmiş müəssisələrdə, aparılan abadlıq-quruculuq işlərində və digər mövsümi işlərdə 118 nəfər işlə təmin olunmuşdur ki, onlardan 87-si də daimi işlə təmin olunanlardır.
Hesabat rübündə rayonun ümumi məhsul buraxılışının həcmi 32 milyon 305 min manat, adambaşına düşən ümumi məhsul buraxılışı 429 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə uyğun olaraq 1 milyon 335,6 min manat və ya 4,3 faiz və 12 manat və ya 2,9 faiz çoxdur.
Ümumi məhsul buraxılışında sənaye məhsulunun həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,1 faiz və ya 247,3 min manat artaraq 1475,7 min manat, sənaye məhsulunun qeyri dövlət bölməsində həcmi isə 27,4 faiz və ya 208,6 min manat artaraq 969,0 min manat olmaqla, sənaye məhsullarının istehsalında qeyri-dövlət sektorunun xüsusi çəkisi 65,7 faiz təşkil edib. Hesabat dövründə pərakəndə əmtəə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz və yaxud 611,3 min manat çox olmaqla adambaşına düşən əmtəə dövriyyəsi 317,5 manat olmuşdur.
Tikinti-quraşdırma işlərinin həcmi 13940,9 min manat, əsas kapitala yönəldilən investisiyalar 13997,1 min manat olmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə tikinti-quraşdırma işlərinin həcmi və əsas kapitala yönəldilən investisiyaların məbləği 1,6 faiz artmışdır.
Əhaliyə göstərilən pullu xidmətlər ötən ilin müvafiq dövrünün səviyyəsinin 201,1 min manat ötərək 4228,0 min manat olmuşdur. Xüsusi mülkiyyətin genişləndirilməsi, sahibkarlığın sürətli inkişafı və əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri nəticəsində hesabat rübündə orta aylıq əmək haqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 manat və ya 6,8 faiz artaraq 258,9 manat olmuşdur.
2014-cü ilin birinci rübü ərzində Ağsu rayonunda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 22 sahibkara 190,0 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 30 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Ümumiyyətlə, son 10 ildə və 2014-cü ilin birinci rübündə ümumilikdə Ağsu rayonunda Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1161 yeni iş yerinin yaradılması nəzərdə tutulan 434 investisiya layihələri maliyyələşdirilib, sahibkarlara 5041,7 min manat güzəştli kredit verilib.
Hesabat rübündə faydalı sərfiyyat 73,05 faiz və ya 10 milyon 835 min kilovat-saat olmaqla 14 milyon 833 min kilovat-saat elektrik enerjisi ötürülüb. Faydalı sərfiyyatın dəyəri 650,1 min manat, istehlakçı qruplar tərəfindən ödənilən vəsaitin məbləği 613,2 min manat, şəbəkə üzrə yığım səviyyəsi 94,33 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,89 faiz çoxdur.
Bu dövrdə əhali qrupu abonentləri tərəfindən 6 milyon 641 min kilovat-saat və ya 393,8 min manat dəyərində elektrik enerjisi istehlak olunub, istehlak olunan elektrik enerjisinin dəyərinin 91,6 faizinin və ya 360,9 min manatının ödənilməsi təmin edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
Cari ilin I rübündə 34 halda elektrik enerjisindən istifadə qaydalarının pozulması faktı aşkarlanaraq 4,8 min manat dəyərində 79,4 min kilovat-saat elektrik enerjisi bərpa olunub.
10 kv-luq EVX-də 0,4 km məsafədə əsaslı, 1,3 km məsafədə cari, 04 kv-luq EVX-də 4,7 km məsafədə əsaslı, 5,0 km məsafədə cari təmir işləri aparılıb, Ümumi gücü 2200 kv A olan 17 ədəd 10/04 kv-luq transformator yarımstansiyası cari təmir olunub, Növcü kəndində 1 ədəd 40 kv A, Bico kəndində 1 ədəd 250 kv A gücündə istifadəyə yararsız transformator yarımstansiyası ehtiyatda olan işlək transformator yarımstansiyası ilə əvəz edilib.
26 ədəd 1- fazlı qüsurlu sayğac yenisi ilə əvəz edilib, 46 ədəd 1- fazlı, 17 ədəd 3-fazlı elektron sayğac quraşdırılıb.
Bunlarla yanaşı elektrik enerjisinin verilişində lüzumsuz fasilələrin aradan qaldırılması, elektrik enerjisinin paylaşdırılması, istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsinin təşkili, əhalinin, eləcə də müəssisə və obyektlərin artımı ilə əlaqədar şəbəkəyə qoşulmaların texniki normalara uyğunlaşdırılması, ayrı-ayrı yaşayış məntəqələrinə verilən enerjinin dəqiq uçotunun aparılması, itkilərin müəyyən edilməsi sahəsində Elektrik Şəbəkəsinin fəaliyyətində nöqsanlar qalmaqda davam edir.
Rayon ərazisində sayğaclaşdırma işləri başa çatsa da aparılan əsaslı və cari təmir işləri rayonun elektrik təsərrüfatının bütün istiqamətlərini əhatə etmədiyindən əhalinin, eləcə də iqtisadiyyatın elektrik enerjisi ilə dayanıqlı təminatı problem olaraq qalır.
Son illər rayon əhalisinin, sahibkarlıq obyektlərinin idarə, müəssisə və təşkilatların təbii qaz tə¬mi¬natının bərpası və yenidən qurulması istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Belə ki, qaz infrastrukturunun yenidən qurulması tədbirləri çərçivəsində kənd yaşayış məntəqələrinin, eləcə də qazlaşdırılmış ərazilərdə yeni tikilmiş mənzillərin qazlaşdırılması məqsədi ilə rayon üzrə ümumilikdə 570,0 min p/m qaz kəməri əsaslı surətdə yenidən qurularaq qazlaşdırılan yaşayış məntəqələrinin sayı 6-dan 34-ə, təbii qazdan istifadə edən əhalinin sayı 23561-dən 43501-ə, təbii qazdan istifadə edən əhali abonentlərinin sayı 4255-dən 8538-ə çatdırılmışdır.
2014-cü ilin I rübündə də Ağsu rayonunun yaşayış mən¬¬tə¬¬qə¬lə¬ri¬nin qaz tə¬mi¬natının bərpası və yenidən qurulması, qaz almayan kənd yaşayış məntəqələrinin qazlaşdırılması məqsədilə tikinti-quraşdırma işləri davam etdirilmişdir. Hesabat dövründə rayonun 146 fərdi mənzili əhatə edən Çaparlı və 75 fərdi mənzildən ibarət Qiyaslı kəndləri qaz açılışı üçün tam hazır vəziyyətə gətirilmişdir. İki kənddə 4200,0 metrdən artıq daşıyıcı, 18,0 min metrə yaxın yerüstü paylayıcı qaz kəmərinin çəkilişi başa çatdırılmış, hər bir mənzil İtron tipli qaz sayğacları ilə təmin edilmişdir. Bundan başqa Ərəbmehdibəy, Xəlilli, Mustafalı və Qasımbəyli kəndlərində qazlaşdırma işləri paralel davam etdirilmişdir.
Cari ilin I rübündə Qaz İstismar Sahəsi üzrə 7,5 milyon kub metr təbii qaz qəbul edilib, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,7 faiz çox olmaqla 1,56 milyon kub metr və ya 20,08 faiz itkiyə yol verilmişdir. Bütün istehlakçı qruplar üzrə ümumilikdə 5,94 milyon kub metr və ya 594,0 min manat dəyərində təbii qaz istehlaka verilmişdir ki, ondan: 5,6 milyon kub metri əhali qrupu, 0,34 milyon kub metri isə büdcədən maliyyələşən idarə-müəssisə, ticarət-xidmət və məcburi köçkün abonentlərinə satılmışdır. İstehlaka verilən təbii qazın dəyərinin yığılması əhali qrupu istehlakçıları tərəfindən 100 faiz, və qeyri əhali qrupu istehlakçıları tərəfindən isə 88,2 faiz təmin edilməklə 590,0 min manat vəsait toplanmış, ümumi yığım səviyyəsi 99,3 faiz olmuşdur.
Bundan başqa hesabat rübündə əhali qrupu istehlakçılarından 17,0 min manat vaxtı keçmiş debitor borcunun yığılması təmin edilmişdir.
Bütün bunlarla bərabər rayonun təbii qaz almayan kənd yaşayış məntəqələrinin təbii qaz təminatının yaradılması, normadan artıq təbii qaz itkisinə səbəb olan amillərin aradan qaldırılması təmin edilməlidir.
“Azərbaycan Respublikasi regionlarinin 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafi Dövlət Proqrami”na əsasən Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchiza¬tının yenidən qurulması və kanalizasiya sisteminin ya¬¬ra¬dılması istiqamətində 2012/2013-cü illərdə işlərin icrası davam etdirilib. Layihə çərçivəsində Ağsu rayonunda 130,4 km su, 115,1 km kanalizasiya şəbəkəsi tikilib, 4552 ədəd evlərə birləşmə su və kanalizasiya şəbəkəsi üzərində quraşdırılıb. 25,0 km uzunluqda olan magistral su xəttinin 23,8 km hissəsi, 5,4 km magistral kanalizasiya xəttinin 5,0 km hissəsi tikilib, 1500,0 m3 həcmində olan su anbarının tikinti işləri başa çatdırılıb. Lakin şəbəkənin tikintisi Ağsu şəhərinin bütün ərazisini əhatə etməmiş, layihələndirmə sənədləri hazırlanarkən yeni salınan yaşayış massivləri nəzərə alınmamışdır. Hal-hazırda tikinti işləri dayandırılmışdır.
Layihənin həyata keçirilməsinə başlanılmazdan əvvəl Ağsu şəhərində uzun illər əvvəl qurulmuş içməli su şəbəkəsi vasitəsi ilə 4500-ə qarşı 2600 fərdi əhali abonentinin (şəhər əhalisinin təxminən 60 faizinin) içməli su təminatı ödənilib. Lakin su təchiza¬tının yenidən qurulması istiqamətində işlərin icrası nəticəsində yaranan kəsişmələr və digər səbəblərdən hal-hazırda böyük çətinliklə 800 fərdi əhali abonentin içməli su təminatını ödəmək mümkündür.
Bu səbəbdən də Su-Kanal idarəsi tərəfindən su satışı, istehlaka verilən suyun ödəniş haqlarının yığılması və digər sahələrdə proqnozlar göstəriciləri kəsirlə icra olunur, xidmətlərin səviyyəsi isə əhalinin haqlı narazılığına səbəb olur.
Şəhər və şəhərətrafı kənd yaşayış məntəqələrində əhalinin içməli su təminatında yaranmış ciddi problemin aradan qaldırılması məqsədi ilə Ağsu şəhərinin yenidən qurulan su təchiza¬tı şəbəkəsində ev birləşmələrinin sayğaclaşdırılması istiqamətində işlərin icrasının tezləşdirilməsi, əhalinin içməli su təminatının ödənilməsi və xidmətlərin səviyyəsinin yüksəldilməsi, eləcə də yeni salınan yaşayış massivlərin layihəyə daxil edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməlidir.
Vurğulanmışdır ki, Azərbaycan dövlətinin uğurlu iqtisadi siyasəti nəticəsində bütün sahələrdə olduğu kimi informasiya-kommunikasiya texnologiyalarının inkişafını təmin etmiş və bu təminat ölkənin bütün regionlarında müasir dünya standartları səviyyəsinə çatdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilib və keçirilir.
Hesabat rübündə şəhər telefon şəbəkəsi üzrə 4000, kənd telefon şəbəkəsi üzrə isə 3484 montaj tutumlu EATS istismar olunub. Şəhərdə 2934, kəndlərdə 1929 və SDMA simsiz rabitə xidmətindən 73 abunəçinin istifadəsi təmin edilib.
Rayon üzrə internet xidmətindən istifadə edənlərin sayı 1250 abonentə çatdırılıb.
Rayonumuzda informasiya və kommunikasiya texnologiyaları ilə yanaşı, poçt rabitəsi sahəsi sürətlə inkişaf edir. Ağsu Poçt filialı 22 poçt şöbəsi vasitəsi ilə rayonun 80 yaşayış məntəqəsinin əhalisinə, müəssisə və təşkilatlara poçt xidməti göstərir.
Filialın poçt şöbələrində ənənəvi xidmətlərlə yanaşı, qeyri-ənənəvi, bank-maliyyə xidmətlərinin də göstərilməsinə başlanılmışdır.
Hesabat dövründə təsərrüfatların suvarma suyu ilə təminatında ciddi problem yaşanmayıb, cari məsələlər vaxtlı-vaxtında həlinin tapmışdır.
Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan işlər hesabat rübündə də diqqət mərkəzində saxlanmışdır. Bu müddətdə Ağsu rayon ƏSMM-nə ünvanlı sosial yardım almaq üçün 247 ailə müraciət etmiş, 219 ailənin sənədləri qeydiyyata alınmışdır. 180 ailəyə ünvanlı sosial yardım təyin edilmişdir ki, bu da 851 nəfər ailə üzvünü əhatə edir. Hesabat rübündə 1 ailəyə ödənilən ünvanlı sosial yardımın orta aylıq məbləği 124,06 manat təşkil etmişdir.
Hal – hazırda rayon üzrə 7272 ailə üzvünü əhatə edən 1539 ailəyə ünvanlı sosial yardım verilir.
Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və vahid sığorta pensiya sisteminin yaradılması sahəsində müəyyənləşdirilən tapşırıqların icrası ilə əlaqədar tədbirlər davam etdirilmişdir.
Cari ilin I rübündə DSMF Ağsu rayon şöbəsi tərəfindən gəlirlər proqnozu 103,5 faiz o cümlədən büdcədən maliyyələşən təşkilatlar üzrə 106,5 faiz, qeyri büdcə təşkilatları üzrə 92,9 faiz icra olunmaqla 669,7 min manat vəsait toplanmışdır ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5 % və ya 79,9 min manat çoxdur.
Hesabat dövründə pensiya və müavinətlərin ödənilməsi üçün ödəniş müəssisələrinə 5068,5 min manat vəsait köçürülüb. Xərclərin ümumi məbləğinin 98,8 faizi əhaliyə ödənişlərə yönəldilib, orta aylıq pensiya məbləği 161,58 manat təşkil edib.
Hesabat rübündə hər biri 80 şagird yerlik Keşdiməz kənd ümumi orta, Dilman və Muradlı kənd tam orta məktəb binalarının tikintisində işlər davam etdirilib.
Rayonun ümumtəhsil məktəb binalarında 55,4 min manat dəyərində (Qaravəlli kənd ümumi orta məktəb binasında) əsaslı, 8,6 min manat dəyərində (Gəgəli kənd ümumi orta məktəb binasında) cari təmiri işləri aparılıb.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri davam etdirilib, 26,1 min manatlıq inventar, 25,9 min manatlıq avadanlıq, 18,5 min manatlıq digər maşın və avadanlıq alınmışdır.
2014-cü ilin I rübündə Ağsu Mərkəzi Rayon Xəstəxanasının yeni binasının tikintisində işlər davam etdirilib.
Ölkə vətəndaşlarının sağlamlıqlarının qorunması tədbirlərini hər zaman diqqət mərkəzində saxlayan Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən respublikamızda keçirililən əhalinin tibbi müayinəsi tədbirləri Ağsu rayonunda da yüksək səviyyədə təşkil olunub. Hesabat dövründə rayon üzrə əhalinin 53,9 min nəfərinin və ya 71,8 faizinin tibbi müayinələrdən keçirilməsi təmin edilibdir.
Hesabat yığıncağında müvafiq qərar qəbul edilmişdir.
Sonda rayon icra hakimiyyətinin başçısı yekun nitqi söyləmişdir.