Rayon icra hakimiyyətinin başçısı Qasımbəyli və Nüydü kənd sakinləri ilə səyyar-görüş keçirib
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev iyun ayının 20-də, 21-də keçirilmiş səyyar qəbullar zamanı Qasımbəyli və Nüydü kənd sakinlərini qəbul edib.
Səyyar qəbullarda hüquq mühafizə orqanlarının, əlaqədar müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı səyyar qəbulların əhəmiyyətindən danışaraq belə qəbulların əhalini narahat edən problemlərin operativ həllində müstəsna rol oynadığını vurğulayıb. Dövlət başçısının daxili və xarici siyasəti nəticəsində ölkəmizin gündən-günə inkişaf etdiyini bildirib. Cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından söhbət açan natiq Azərbaycanın digər rayonları kimi, Ağsu rayonunun da ildən-ilə inkişaf etdiyini, abadlaşdığını bildirərək, son illər rayon mərkəzinin inkişafı ilə yanaşı ucqar dağ kəndlərində də yeni məktəb binaları tikildiyini, kənd yolların təmir edildiyini, hazırda isə bir neçə kəndin qazlaşdırılması istiqamətində işlərinin aparıldığını qeyd edib.
Qəbullarda çıxış edən sakinlər görülən işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirərək kənddə hələ də mövcud olan bir sıra sosial problemləri və onları narahat edən yerli məsələləri qeyd ediblər.
Görüşlərdə vətəndaşlar tərəfindən əsasən elektrik təsərrüfatında və kənd yollarında təmir işlərinin aparılması, suvarma suyu ilə təminatın yaxşılaşdırılması, kənd təsərrüfatı işlərinə kömək göstərilməsi, ərazinin abadlaşdırması və digər sosial məsələlərin həlli qaldırılıb. Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.
Nüydü kəndində keçirilən səyyar qəbulda iştirakı zamanı Milli Məclisin deputatı Tahir Kərimli sakinlər qarşısında çıxış edib.