Ağsu rayonunda ötən ildəkindən iki dəfə çox barama istehsal olunub
Baramaçılıq vaxtilə rayonda ənənəvi təsərrüfat sahələrindən olub və son illər bu sahəyə maraq getdikcə artır. Aqrar sektorda aparılan islahatlar, ixracyönümlü məhsulların istehsalına göstərilən dövlət dəstəyi bu bölgədə də az vaxtda yaxşı gəlir gətirən baramaçılığa marağı artırıb.
Cari ildə rayonda 91 nəfər kümçü tərəfindən 260 qutu (4940 qram) inkubasiya olunan ipəkqurdu toxumu bəslənilib. Rayonun əksər yaşayış məntəqəsində, xüsusilə Qaraqoyunlu, Ərəbmehdibəy, Bozavand, Ərəbuşağı və bir sıra digər kəndlərdə kümçülər yüksək nəticələr əldə ediblər. Artıq barama tədarükünə başlanılıb və istehsal olunan məhsul rayon kənd təsərrüfatı idarəsinin həyətində “Şəki-İpək” ASC-nin nümayəndələri tərəfindən qəbul olunub.
Barama tədarükü davam edir və kümçülər hələlik 10 min 836 kiloqram məhsul təhvil veriblər. İstehsal olunan barama ötən ildəki göstəricidən 5 min 344 kiloqram və ya 2,0 dəfə çoxdur.
Barama tədarükü davam edir.