Ağsu rayon İcra Hakimiyyətinin başçısı səyyar görüşdə sakinləri narahat edən problemlərlə yaxından tanış olub
Rayon icra hakimiyyətinin başçısı cənab Ənvər Seyidəliyev hüquq mühafizə orqanlarının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Mustafalı kənd sakinlərini qəbul edib. Qəbulda Azərbaycan Respublikası Milli Məclisinin deputatı cənab Tahir Kərimli iştirak edib.
Qeyd edilib ki, ölkə başçısının tapşırığına əsasən bilavasitə yaşadığı yerlərdə vətəndaşlarla keçirilən səyyar qəbullar onların qarşılaşdığı çətinliklərin və problemlərinin operativ qaydada həllinə yaxından kömək edir.
Qəbulda çıxış edən sakinlər görülən işlərə görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirərək kənddə hələ də mövcud olan bir sıra sosial problemləri və onları narahat edən yerli məsələləri qeyd ediblər.
Vətəndaşlar tərəfindən əsasən suvarma suyu ilə təminatın yaxşılaşdırılması, kənd ərazisinin abadlaşdırması və digər sosial yönümlü məsələlərin həlli qaldırılıb. Qeyd olunan problemlər nəzarətə götürülüb və onların həlli ilə bağlı rayon icra hakimiyyəti başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verilib.