Ağsu rayonundan olan Milli Qəhrəmanlar – Yusif Əliyev və Şamil Ramazanov haqqında çəkilən sənədli filmlərin təqdimatı olub
Heydər Əliyev Mərkəzində rayonun Rəhimli kəndindən olan iki Milli Qəhrəman – Yusif Əliyev və Şamil Ramazanov haqqında çəkilən “Vətənə bağışlanan ömür” və “Onun 19 yaşı vardı” sənədli filmlərinin təqdimatı olub.
Hər iki sənədli film “Milli Qəhrəmanlar” silsiləsi çərçivəsində Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin “Yaddaş” və “Salnamə” studiyasında ərsəyə gəlib.
“Vətənə bağışlanan ömür” filminin ssenari müəllifi və rejissoru Samirə Cəfərova, “Onun 19 yaşı vardı” filminin ssenari müəllifi və rejissoru Zamin Məmmədovdur.
Təqdimat mərasimində rayon rəhbərliyi, ziyalılar, Rəhimli kəndinin sakinləri, Milli qəhrəmanların valideynləri, qohumları və yaxın dostları iştirak ediblər.
Hər iki sənədli filmin nümayişindən sonra Mədəniyyət Nazirliyinin şöbə müdiri Almaz Sultanzadə çıxış edərək, şəhidlərin adlarının əbədiləşdirilməsindən, onların ailələrinə göstərilən dövlət qayğısından danışıb.
“Vətənə bağışlanan ömür” sənədli filminin ssenari müəllifi və rejissoru Samirə Cəfərova çəkiliş prosesində yaşanan çətin anlardan, azərbaycanlı gənclərin Vətənə, doğma el-obasına bağlılığından söz açıb.
Milli Qəhrəman Yusif Əliyevin atası Əlyusif Əliyev sənədli filmlərin ərsəyə gəlməsindəki xidmətlərinə, çəkdikləri əziyyətə görə müəlliflərə minnətdarlığını bildirib.