Mədəniyyət və turizm naziri Ağsu şəhərində vətəndaşları qəbul edib
Martın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağsu şəhərindəki Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarından vətəndaşları qəbul edib. Qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və təkliflərini nazirə çatdırıblar.
Müraciətlərin əksəriyyəti sözügedən rayonlardakı mədəniyyət ocaqlarının fəaliyyəti, tarixi-mədəni irsin qorunması, turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı olub. Orta əsr Ağsu şəhər yerinin qoruq elan edilməsi, Şamaxı rayonunun Kələxana kəndində türbələrin, Oğuz rayonu Kərimli kəndi ərazisində yerləşən kurqanların təmir-bərpası, Qobustan rayonunda xalçaçılıq sexinin açılmasına yardım göstərilməsi kimi məsələlər qaldırılıb. Bölgədəki mədəniyyət müəssisələrində ixtisaslı kadrların çatışmadığı, musiqi məktəblərində yeni şöbələrin açılmasının zərurəti də diqqətə çatdırılıb. Turizmlə bağlı təşəbbüslər - Qəbələ şəhərində turizm informasiya mərkəzinin yaradılması, Şamaxı şəhərində suvenir dükanının açılması, Oğuz rayonu Xalxal kəndində turizm rekreasiya zonasının təşkili və digər təkliflər də səsləndirilib.
Vətəndaşların belə əhəmiyyətli mövzulara diqqət ayırmasını təqdirlə qarşılayan Əbülfəs Qarayev bütün xahiş, təklif və təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər görüləcəyini deyib.
Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər, işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün olduğu qədər onların həllinə köməklik göstəriləcəyini bildirib.