Taxıl yığımına hazırlığın vəziyyəti və yanğına qarşı mübarizə məsələlərinə həsr olunan müşavirə keçirilib.
Ağsu rayonunda taxıl sahələrində biçinə hazırlığın vəziyyəti və baş verə biləcək yanğın təhlükəsinə qarşı mübarizə məsələlərinə həsr olunan müşavirə keçirilib.
Ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, fermerlərin, yanğından mühafizə xidmətinin nümayəndələrinin, texniki nəzarət işçilərinin, habelə digər əlaqədar təşkilatların rəhbərlərinin iştirak etdikləri müşavirəni açan rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev istilərin düşdüyü, yem bitkiləri və taxıl biçini kampaniyalarının başlandığı indiki şəraitdə yanğın ehtimalının artdığını, buna görə də təhlükəsizliyin maksimum təmin olunması məqsədilə qabaqlayıcı tədbirlərin görülməsinin zəruriliyini diqqətə çatdırıb.
Rayon icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İqbal Mikayılov məruzəsində yanğınların külli miqdarda maddi ziyanla yanaşı, ekologiyaya da ciddi zərər vurduğunu söyləyib. 2017-ci ildə Ağsuda 132 yanğın hadisəsinin olduğunu diqqətə çatdıran məruzəçi yanğının çox vaxt səhlənkarlıq, diqqətsizlik üzündən baş verdiyini bildirib.
Cari mövsümdə rayonda 32 min 323 hektar sahədə taxıl əkildiyini deyən İqbal Mikayılov istər biçin prosesində, istərsə də biçindən sonra taxıl sahələrinin yanğından mühafizəsi ilə əlaqədar icra nümayəndələrinin, bələdiyyə strukturlarının, xüsusi torpaq mülkiyyətçilərinin, eləcə də digər əlaqədar təşkilatların üzərinə düşən konkret vəzifələrdən danışıb.
Müşavirədə Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi, daxili xidmət polkovniki Elxan Allahverdiyev çıxış edərək yanğınların baş vermə səbəblərindən söz açıb. Vurğulanıb ki, İnzibati Xətalar Məcəlləsinə olunan əlavələrə əsasən, təkcə əkin yerlərinin yandırılmasına görə fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan altı min manatadək məbləğdə cərimə edilir.
Məruzə və çıxışlarda yanğın təhlükəsizliyi ilə əlaqədar yerlərdə maarifləndirmənin gücləndirilməsinin də zəruriliyi qeyd olunub. Bildirilib ki, yanğın təhlükəsizliyi məqsədilə rayonda qərargahın yaradılması, bütün ərazi vahidlərində növbətçilərin ayrılması, könüllü yanğınsöndürən dəstələrin təşkili və onların lazımi avadanlıqlarla təminatı diqqət mərkəzində saxlanılmalıdır.