Ağsu rayonunda İkinci Dünya müharibəsinin iştirakçıları ilə görüş olub
İkinci Dünya müharibəsində Ağsu rayonundan 3520 nəfər iştirak edib və onlardan 1000 nəfərə yaxını geri qayıtmayıb. İndi Ağsuda müharibə iştirakçılarından cəmi 3 nəfəri sağ qalıb.
Rayon icra hakimiyyətinin təşəbbüsü ilə mayın 9-da qanlı müharibənin alovu içindən sağ çıxıb geri dönən veteranlarla yaşadıqları mənzillərdə görüş keçirilib. İcra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi polkovnik–leytenant Nizami Heybətovun, Ağsu Bələdiyyəsinin sədri İlham Nurəhmədovun iştirak etdikləri ilk görüş Qaravəlli kəndində 94 yaşlı Əlmövsüm İmanovla olub. Daha sonra Ülgüc kəndində 94 yaşlı Əbülfəz Şıxıyevlə və Ağsu şəhərində 98 yaşlı Əlpənah Şirinovla görüş keçirilib.
Görüş zamanı veteranların arzu və istəkləri dinlənilib, rayon icra hakimiyyəti adından onlara hədiyyələr verilib, maddi yardım göstərilib.