Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

13 fevral 2014 | 11:00

Ağsu rayonunda 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. İlk öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək Ümumilli liderin abidəsi önünə tər çiçəklər düzmüşlər.

Sonra Mədəniyyət sarayının  foyesində sosial-iqtisadi inkişafı əks etdirən stendlərin və rayonda istehsal olunan kənd təsərrüfatı və sənaye məhsulların sərgisinə baxış keçirilmişdir. Daha  sonra  Mədəniyyət sarayında təşkil olunan hesabat yığıncağını rayon icra hakimiyyətinin başçısı Ənvər  Seyidəliyev  açaraq 2013-cü ildə Ağsu rayonunda sosial-iqtsadi sahədə görüımüş işlər barədə ətraflı məruzə etmişdir. O demişdir:

Hörmətli qonaqlar,

Hörmətli yığıncaq iştirakçıları,

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə 2013-cü ildə ölkəmizin dinamik inkişafı təmin edilmiş, qarşıda duran bütün məsələlər öz həllini tapmışdır. Ölkədə böyük layihələr icra edilmiş, ölkəmizin beynəlxalq nüfuzu artmışdır.

   2013-cü ildə Azərbaycanın həm ikitərəfli və həm də çoxtərəfli formatda beynəlxalq əlaqələri genişlənmiş və güclənmişdir. Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı fəaliyyəti başa çatmış, iki il ərzində beynəlxalq birlik tərəfindən Azərbaycana olan inam və dəstək daha da artmışdır. Azərbaycan bütün beynəlxalq təşkilatlarda prinsipial mövqeyini və öz milli maraqlarını hər şeydən üstün tutmuşdur.

   Ordu quruculuğu ilə bağlı önəmli addımlar atılmış, Azərbaycan ordusunun döyüş qabiliyyəti böyük dərəcədə artmışdır.  Erməni işğalından əziyyət çəkən soydaşlarımızın problemlərinin həlli istiqamətində işlər davam etdirilmiş, 20 min köçkün yeni evlərə, mənzillərə köçürülmüşdür.

    Keçən il regionların inkişafına dair ikinci Dövlət Proqramının icrası başa çatmışdır. Hər iki proqramın icrası bölgələrdə ciddi dönüşün yaranmasına səbəb olmuşdur.

    İqtisadi sahədə son on il ərzində Azərbaycan kimi inkişaf edən ikinci ölkə olmamışdır. Ümumi daxili məhsul təxminən 6 faiz artmışdır. Bu, çox böyük göstəricidir. Halbuki bu gün dünyanın əksər ölkələrində ümumi daxili məhsul yarım faiz, 1 faiz, 1,5 faiz artır.  Qeyri-neft sektoru 10 faiz artmışdır. İl ərzində ölkə iqtisadiyyatına 28 milyard dollar investisiya qoyulmuşdur ki, bunun da  17,5 milyard dolları daxili sərmayədir.

    Keçən il valyuta ehtiyatları artaraq  50 milyard dollara çatmışdır. Bu da ümumi daxili məhsulun 70 faizini təşkil edir.

    İşsizliklə bağlı olan problemlər öz həllini tapmışdır. 110 min yeni iş yeri açılmışdır ki, onlardan 80 mini daimi iş yeridir. İşsizliyin səviyyəsi 5 faizə, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür.

    Əhalinin pul gəlirləri 8 faiz artmışdır. İnflyasiya isə cəmi 2,4 faiz olmuşdur. Əhalinin pul gəlirləri inflyasiyanı 3 dəfədən çox üstələmişdir. Bu onu deməyə əsas verir ki, vətəndaşların rifah halı yaxşılaşıb və müsbət dinamika burada da özünü göstərib.

    2013-cü ildə maaşlar və pensiyalar qaldırılmış, sovet vaxtından qalan əmanətlərin kompensasiya şəkilində əhaliyə verilməsi prosesi başa çatmışdır. MDB məkanında bu əmanətlərin kompensasiya şəklində verilməsində Azərbaycan təcrübəsi birinci yerdədir.

    Keçən il qeyri-neft sektorunun inkişafı ilə bağlı çox ciddi addımlar atılmışdır. 2013-cü il Azərbaycanda kosmik sənayenin yaranması ili kimi tarixdə qalacaqdır. Təsadüfi deyil ki, 2013-cü il “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmişdir. Birinci Azərbaycan peyki “Azərspace-1” fəzaya qaldırılmışdır.

     Qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan kənd təsərrüfatı təxminən 5 faiz artmışdır. 2014-cü ildə və ondan sonrakı illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı daha da böyük işlər görüləcəkdir. Dövlət investisiyaları, infrastruktur layihələri, xüsusilə suvarma ilə bağlı olan layihələr kənd təsərrüfatının inkişafına yeni təkan verəcəkdir.

    Ərzaq təhlükəsizliyinin təmin edilməsində son illərdə böyük addımlar atılmışdır, idxaldan asılılığımız böyük dərəcədə azalmışdır. Bu gün Azərbaycanda bütün əsas ərzaq məhsulları istehsal edilir. Növbəti 5 il ərzində ərzaq təhlükəsizliyi ilə bağlı olan bütün məsələlər həll olunacaqdır.

    İnfrastruktur layihələrinin içində hazırda ən böyük önəm daşıyan layihələr içməli su, kanalizasiya layihələridir.  Qazlaşdırma ilə bağlı olan layihələr davam etdirilir. Bütövlükdə ölkə üzrə qazlaşdırmanın səviyyəsi 95 faizə çatmalıdır;

     Ötən il elektrik enerjisi ilə bağlı əsas məsələlər öz həllini tapmışdır. Təxminən 800 meqavata yaxın gücü olan “Cənub” Elektrik Stansiyası istifadəyə verilmişdir ki, bu,  bütün cənub zonasının tələbatını təmin edəcəkdir. Hazırda Bakıda “Şimal-2” Elektrik Stansiyasının tikintisi davam etdirilir və bu il istifadəyə veriləcəkdir. Orada da təqribən 400 meqavata yaxın elektrik gücü yaranacaqdır. Bərpa olunan enerji mənbələrinin yaradılması ilə bağlı işlər gedir və müəyyən layihələr icra edilir, xüsusilə su elektrik stansiyaları tikilir.

     Respublikada qlobal nəqliyyat layihələri icra edilir. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi gedir. Gəmiqayırma zavodunun açılışı həm sənaye, həm qeyri-neft, həm də nəqliyyat sektorunun güclənməsinə xidmət göstərəcəkdir. Bu il Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin açılışı olacaqdır. Dəmir yolunun, hava nəqliyyatının yenilənməsi prosesi gedir. Həm magistral yollar, həm də dörd yüz yaşayış məntəqəsini birləşdirən kənd yolları çəkilmişdir. Yerli icra orqanları vətəndaşların müraciətləri əsasında bu işləri görür.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2014-cü ili “Sənaye ili” elan etmişdir. Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət veriləcəkdir.

       2014-cü ildə metallurgiya sənayesinin inkişafı ilə bağlı ciddi addımlar atılacaq, yerli xammal, təbii resurslar müasir metallurgiya kombinatının tikintisi çox böyük bir nailiyyət olacaqdır.

      2013-cü ildə ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə baş vermişdir - Prezident seçkiləri keçirilmişdir. Avropa Şurası, Avropa İttifaqı, ATƏT-in Parlament Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, MDB və digər mötəbər təşkilatlar seçkilərin keçirilməsini birmənalı olaraq yüksək qiymətləndirmişlər. Səsvermə günü və səsvermədən sonrakı dövrdə cəmiyyətdə hökm sürən yüksək əhval-ruhiyyə bir daha seçkilərin nə qədər şəffaf, ədalətli keçirilməsini təsdiqləyir.

   Hörmətli yığıncaq iştirakçıları,

          2013-cü ildə respublikanın bütün bölgələrində olduğu kimi Ağsu rayonunda  da  inkişaf və tərəqqi meylləri davam etdirilmişdir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair birinci və ikinci Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin uğurla həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoymuşdur.

            Həyata keçirilən  abadlıq, tikinti-quruculuq işləri sayəsində iqtisadiyyatın  ayrı-ayrı sahələrinə qoyulan investisiyanın məbləği 2003-cü illə müqayisədə  158 dəfə artaraq ötən il  44,4 milyon  manata çatmışdır.

         2013-cü ildə yeni obyektlərin tikilməsinə və istifadəyə verilməsinə diqqət  artırılmışdır. təhsil, səhiyyə, mədəni-məşət  obyektlərinin inşası  hər il  olduğu  kimi  nəzarətdə  saxlanmışdır.  Qəşəd  və Rəhimli   kənd  tam  orta  məktəbləri  üçün  180 şagird yerlik müasir  binalar tikilib  istifadəyə  verilmiş, Dilman, Muradlı  kənd  tam orta, Keşdiməz kənd ümumi orta məktəbləri  üçün binalarda  tikinti-quraşdırma  işləri davam  etdirilmişdir. Regional Dövlət Proqramlarının icra olunduğu müddətdə  dövlət vəsaiti hesabına və Heydər Əliyev Fondu tərəfindən şagird yerlərinin ümumi sayı 4244 olan 19  yeni məktəb binası  inşa olunmuşdur.

         Hesabat  ilində  rayonun Çiyni  kəndində  60 yerlik  müasir  bağça  binası inşa  olunmuşdur.

         Son illərdə  Kalva kənd sahə xəstəxanası üçün 15 çarpayı-yerlik yeni bina inşa olunmuş,  Azərbaycan Kənd  İnvestisiya Layihəsi çərçivəsində Padar kəndində həkim  məntəqəsi  binası  tikilib,  Çaparlı  kəndində  isə  əsaslı  təmir  olunaraq  istifadəyə verilmiş, Yaponiya Hökumətinin “Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” əsasında Ərəbmehdibəy kəndində həkim məntəqəsi  binası əsaslı təmir edilmişdir.  Dövlət başçısı cənab İlham Əliyevin 2011-ci ildə rayonumuza səfərindən sonra onun müvafiq Sərəncamları ilə ayrılmış vəsait hesabına rayon  Mərkəzi xəstəxanası üçün 145 çarpayı yerlik müasir tipli binada ötən il tikinti-quraşdırma  işləri davam etdirilmişdir.

 Yol  infrastrukturunun təzələnməsi  sahəsində işlər də diqqət  mərkəzindədir. 2012-ci  ildən inşasına  başlanan  rayonun 15  kəndinin  əhalisinin  istifadə etdiyi  uzunluğu 25,6 kilometr olan  Ağsu-Çaparlı-Göylər  avtomobil  yolunda əsaslı təmir və  yenidənqurma işləri  başa çatdırılmışdır. 

          2013-cü  ildə   Ağsu   şəhərində abadlaşdırma işləri geniş  vüsət  almış, təmir – tikinti  işlərinə 1 milyon 358 min manat vəsait yönəldilmişdir. Heydər Əliyev, Ü.Hacıbəyov, Azərbaycan, M.Ə.Rəsulzadə, Nizami, Natəvan, S.Vurğun, Vidadi, T.İsmayılov   küçələrində,  Qəhrəmanlar parkında,  piyada səkiləri yenidən qurulmuş  və  küçə hasarlarında dekorativ tərtibat işləri aparılmış, avtomobil yollarına  65,5 min kvadratmetr  asfalt örtük  salınmışdır.

          Müəssisə və təşkilatlarda çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün tədbirlər davam etdirilmişdir. “Aqrolizinq” Açıq  Səhmdar  Cəmiyyətinin “Aqroservis” filialı üçün istehsalat bazasının  tikintisi  başa  çatmış,  Dövlət  Miqrasiya Xidmətinin  regional idarəsi, Səfərbərlik və  Hərbi  Xidmətə  Çağırış  üzrə  Dövlət Xidmətinin rayon  şöbəsi üçün  yeni  inzibati  binaların  inşasında  son   tamamlama işləri  görülür.

        Gənclərin və yeniyetmələrin asudə vaxtlarını səmərəli keçirmələrinə və idmanın müxtəlif növləri ilə  məşğul olmalarına imkan verən İdman Kompleksində   tikinti-quraşdırma  işləri hesabat ilində davam etdirilmişdir.

         2013 – cü  ildə  Azərbaycan  Kənd  İnvestisiya  Laihəsi  çərçivəsində  rayonin 13 kəndində yolların, səhiyyə müəssisəsinin təmiri və abadlaşdırma işləri  görülmüşdür.

        Son illərdə rayonda miqyasına görə ən böyük  layihə  Dünya Bankı və Azərbaycan Hökuməti ilə birgə maliyyələşdirilən 50 milyon ABŞ  dolları dəyərində “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Ağsu şəhərinin su təchiza­tının yenidən qurulması və kanalizasiya sisteminin yara­dılmasıdır.

  Hörmətli yığıncaq iştirakçıları,

         Həyata keçirilən  məqsədyönlü tədbirlər  nəticəsində rayonda məhsul  buraxılışının   ümumi   həcmi  2012-ci   illə   müqayisədə   3,2  faiz   artaraq  ötən   il 150,4  milyon  manata  çatmışdır.  Hazırda  rayonda  5 kənd təsərrüfatı, 17 fərdi sahibkarlıq müəssisəsi  fəaliyyət  göstərir.

  Heyvandarlıqda yüksək məhsuldar mal-qaranın yetişdirilməsi üçün damazlıq işlərinin təşkili sahəsində  müəyyən  işlər  görülmüş, 2013-cü  ildə  süni  yolla mayalandırılmış 1169  inəkdən   1119  bala  alınmışdır.   

           Rayonda torpaqların meliorativ  vəziyyətinin yaxşılaşdırılması  sahəsində  çətinliklər  vardır.  Hazırda  6700  hektar  sahədə  yeni kollektor-drenaj  şəbəkəsinin  tikilməsinə, 14412 hektar  sahədə kollektor-drenaj, 9250 hektar  sahədə suvarma  şəbəkələrinin yenidən qurulmasına, 12621 hektar  sahədə toraqların  yuyulmasına, 12233  hektar  sahədə yuma  rejimli suvarmaların  aparılmasına ciddi  ehtiyac  vardır.

                     Rayonda sənaye  sahəsinin, xüsusilə də kənd təsərrüfatı məhsullarının emalı sənayesinin  maddi-texniki bazası möhkəmləndirilmişdir. 2011-ci  il oktyabr  ayının 30-da açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti  cənab  İlham  Əliyevin  iştirak  etdiyi “Az-Granata” MMC-nin  Şirə  və  şərab  emalı  zavodunda ötən il  3 milyon  468 min   manatlıqdan  çox  şirələr  və  şərab istehsal  olunmuşdur  ki, bu, 2012-ci illə  müqayisədə 1 milyon 834  min manat çox olmaqla ümumi  sənaye  məhsulunun 65,6  faizini təşkil edir.

Regional  Dövlət  Proqramının  uğurla  həyata  keçirilməsi nəticəsində 2013-cü  ildə rayonda  385 yeni  iş  yeri  açılmışdır.  Muzdla  işləyənlərin  orta  aylıq  əmək  haqqı 2012-ci illə müqayisədə  4,7  faiz  artaraq  248,5 manata, əhalinin  hər  nəfərinə   2161 manat  gəlir əldə  edilmişdir.

Sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olanlara  dövlət tərəfindən hərtərəfli dəstək  verilir. Təkcə 2013-cü  ildə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 81 sahibkara 955,5   min  manat məbləğində güzəştli  kreditlər  verilmişdir. Həyata  keçirilmiş  layihələrdən  sonra rayonda  əlavə olaraq 135  yeni  iş  yeri  yaradılacaqdır. Kreditlərin  verilməsi 2012-ci  illə  müqayisədə  174,2 min  manat, yaxud     22,3  faiz   artmışdır.   Ümumilikdə   sahibkarlıq    subyektlərinə    indiyədək  4 milyon 852  min  manat güzəştli kreditlər verilmişdir.

Hesabat  ilində  buğda istehsalçılarının  maddi  marağının  artırılması və  buğda  istehsalının  stimullaşdırılması məqsədilə,  həmçinin  kənd  təsərrüfatı  məhsullarının  istehsalçılarına  əkin sahələrinin  becərilməsində  istifadə  olunan  yanacaq  və  motor  yağlarına  görə dövlət  büdcəsinin  vəsaiti  hesabına  2   milyon  463 min manat  məbləğində yardımın  verilməsi  təmin  edilmişdir.  

          Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramlarının  icrasına  həsr  olunmuş  05  fevral  2014-cü  il  tarixldə  keçirilmiş konfransda  dövlət  başçısı  cənab  İlham  Əliyev  yekun  nitqində  subsidiyaların  verilməsi sahəsindəki  vəziyyətlə  bağlı  qeyd  etmişdir  ki, “Subsidiyaların  verilməsində  tam  şəffaflıq  təmin  edilməlidir,  burada  biz  şəffaflığa  nail  olmamışıq,  bu  mənim  son  xəbərdarlığımdır,  subsidiyaların  verilməsində  tam  şəkildə  nəzarət-uçot  sistemi  yaradılmalıdır ”  Ölkə  Prezidentinin  tapşırıq  və  tövdsiyyələri  rəhbər  tutularaq  cari  ildə  bu  məqsədlə  əkin  sahələrinin  uçotunun  aparılmasında  və  müvafiq  sənədlərin  hazırlanmasında  şəffaflıq  təmin  edilməli,  qanun  pozuntularına  yol  verilməməli və  kənd  təsərrüfatının  inkişaf  etdirilməsi  məqsədi  ilə  fermer  təsərrüfatlarına  yardım  edilməlidir. 

Hörmətli toplantı iştirakçıları!

    Ötən il bələdiyyələrin büdcəsinə ümumilikdə 281,7 min   manat pul  daxil  olmuş  və  proqnoz 46,2 faiz yerinə yetirilmişdir. Yerli düdcəyədaxilolmaların 48,1 min  manatını,  yaxud  17,1  faizini dövlət  tərəfindən  verilmiş  dotasiya  təşkil  edir.  Mədaxilin ümumi məbləğində torpaq vergisindən və torpaq icarəsindən  daxilolmaların    xüsusi çəkisi cəmi 25,1  faiz təşkil etmişdir.

         2012-ci  illə  müqayisədə  hesabat ilində rayon büdcəsinin mədaxili 36,8 faiz  artaraq proqnoz tapşırığı 100,6 faiz yerinə yetirilmişdir. Yerli  gəlirlər  üzrə proqnoz   da  yerinə  yetirilmiş, rayon  büdcəsinə 3  milyon manat, yaxud nəzərdə tutulduğundan  6,7 faiz çox  pul  daxil  olmuşdur. Yerli gəlirlər 2012-ci ildəkindən 17,7 faiz artmışdır.

         Əhalinin həyat səviyyəsinin yüksəldilməsi və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aparılan işlər 2013-cü ildə diqqət mərkəzində  saxlanmışdır. İl ərzində Əhalinin Sosial Müdafiəsi Mərkəzinə 1861 ailə müraciət etmiş və onlardan 1586-nın  sənədləri qeydə alınmışdır. Ünvanlı dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq  7457 nəfəri  əhatə edən 1579 ailəyə ünvanlı dövlət yardımı təyin edilmişdir.

         Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsi tərəfindən 2013-cü ildə  əvvəlki illə  müqayisədə  145,4 min manat, yaxud 6 faiz çox sosial sığorta haqları  toplansa da proqnoz  tapşırığı  yerinə  yetirilməmişdir. Sosial  sığorta  ödənişləri 2 milyon 568 min manat təşkil etmişdir ki, bu, tapşırığın  92 faizini təşkil edir.

         Son illər rayonda elektrik və qaz təsərrüfatının, əhalinin su təchizatının, yol infrastrukturunun təzələmməsi  sahəsində xeyli iş görülmüşdür. Ağsu şəhərində və Çiyni  kəndində  elektrik verilişi xətləri SİP markalı müasir kabellərlə əvəz olunmuş və Smart-Kart tipli sayğaclar quraşdırılmışdır.

          Bununla  yanaşı kənd  yaşayış məntəqələrində  elektrik  təsərrüfatının  işində ciddi  problemlər  qalmaqdadır. Əksər  yerlərdə elektrik  enerjisinin   ötürülməsi texniki  norma  və  şərtlərin pozulması  ilə  aparılır.  Enerji  haqlarının toplanması  sahəsində 2013-cü ildə xeyli dönüş olmuşdur.  Belə  ki,  şəbəkə üzrə yığım 100  %,  əhali qrupu üzrə isə 97,2 faiz yerinə  yetirilmişdir.          

         Yaşayış məntəqələrinin  qazlaşdırılması davam etdirilmişdir. Ötən il 14 kəndə təbii qaz verilişi bərpa olunmuş, 7 kənddə - Ərəbmehdibəy, Qasımbəyli, Dədəli,  Xəlilli, Mustafalı, Çaparlı və Qiyaslı kəndlərində tikinti-quraşdırma işləri davam etdirilmişdir. 2014-cü il yanvar ayının 1-i vəziyyətinə Ağsu şəhərində və 33 kənddə əhali təbii qazdan istifadə edir.

         İçməli su təchizatının yaxşılaşdırılması ilə bağlı son  illərdə mühüm layihələr  həyata keçirilməsinə baxmayaraq hələ  də 53  kənddə əhali təmizlənməmiş  və zərərsizləşdirilməmiş  sudan istifadə edir. Su mənbələri üzərində quraşdırılması nəzərdə tutulan 8 modul tipli sutəmizləyici qurğudan cəmi 2-nin tikintisi başa çatdırılmışdır.  Su Kanal İdarəsi tərəfindən istehlak edilmiş suyun haqqının  toplanması lazımınca təşkil edilməmiş və  bu  göstərici 2013-cü  ildə 83  faiz olmuşdur.

  Rayon İcra  hakimiyyətinin təşkilatçılığı sayəsində son illərdə ümumtəhsil məktəblərinin göstəricilərində müəyyən irəliləyişlərə nail olunmuşdur. 2012-2013-cü dərs ilində 534 nəfər on birinci sinif məzununnun hamısı buraxılış imtahanlarında iştirak etmiş və attestat almışdır. Onlardan 90 nəfəri ali məktəblərə qəbul olunmuşdur.  Məzunlardan 2 nəfəri 600, 6-sı isə 500 baldan yuxarı  nəticə göstərmişdir.

2007-2008-ci tədris ilində rayonun ümumtəhsil məktəblərində 10824  şagird təhsil alırdısa ötən dərs ilində  onların sayı 8587-yə enmişdir. Başqa sözlə, müqayisə olunan dövrdə  əhalinin sayının 8,7 faiz artmasına baxmayaraq birinci-on birinci sinif şagirdlərinin sayı  2237  nəfər, yaxud 20,7   faiz azalmışdır. Son 1 ildə isə şagird kontingentində 162 nəfər aşağı düşmə faktı qeydə alınmışdır.

Təhlillər göstərir ki, təhsildən yayınmaya səbəb olan əsas amillər bir çox ailələrin qeydiyyat  yerini dəyişmədən başqa şəhər və rayonlara  köçmələri, eləcə də valideynləri tərəfindən qızların erkən yaşlarda məktəblərdən çıxarılmasıdır. Təkcə bu faktı  söyləmək kifayətdir ki, ümumtəhsil məktəbini bitirən qızların sayı 2008-ci ildə 5507 nəfər idisə, ötən dərs ilində onların sayı cəmi 2784 olmuşdur.

 Cari dərs ili üçün 84 vakant iş yeri barədə sifariş verilməsinə baxmayaraq cəmi 36 nəfər ixtisaslı müəllim müsabiqədən keçmişdir. Onlardan 35 nəfəri müxtəlif ixtisaslar üzrə işə qəbul edilmişlər.

 Məktəblərin informasiya kommunikasiya texnologiyaları vasitələri ilə təminatı yüksək deyildir. Hazırda hər 100 şagirdə cəmi 4 kompyuter texnikası düşür. Heç də bütün məktəbdə internetə çıxış üçün müvafiq iş görülməmişdir. Mövcud 70 məktəbdən yalnız  12-də internetdən istifadə imkanları vardır.

Hazırda görülmüş işlərlə yanaşı ümumtəhsil məktəblərinin 64 faizi qəzalı vəziyyətdə olan, təmir  tələb  edən və yaxud uyğunlaşdırılmış binalarda fəaliyyət göstərir. Təhsil qanunvericiliyinə uyğun olaraq ümumtəhsil məktəblərinə qəbul məktəbəqədər uşaq tərbiyə müəssisələrindən aparılmalıdır. Bu sahədə də rayonda müəyyən problemlər qalmaqdadır. 8 mövcud məktəbəqədər uşaq tərbiyə müəssisələrində uşaq yerlərinin sayı hazırda birinci sinfə qəbul olunanların yarısından da azdır.

  2013-cü  ildə rayonda 1514 uşaq doğulmuş və əhali arasında 462 ölüm qeydə alınmışdır.  Təbii artım 1052  nəfər   olmüşdür. 

         Səhiyyə xidmətinin səviyyəsinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərin həcminin artmasına baxmayaraq  bu sahədə də bəzi nöqsanlar mövcuddur. Həkimlərlə və orta tibb işçiləri ilə təminat da qənaətbəxş deyildir. Hazırda rayonda pediatr, mama-ginekoloq, rentgenoloq və digər ixtisaslardan olan 54 həkimə və 71  orta tibb işçisinə ehtiyac vardır. Əhalinin hər 10000 nəfərinə 10,8 həkim  və 36,6 orta tibb işçisi düşür ki, bu göstəricilər orta respublika  göstəriciləri ilə müqayisədə xeyli aşağıdır.

Əvvəlki illərdə olduğu  kimi dərman-sarğı materiallarının alınması işində problemlər qalmaqdadır. Bu məqsədlə 2013-cü ildə faktiki olaraq 395,2 min  manat vəsaitdən istifadə olunmuşdur.  Bu, hər bir rayon sakininə orta  hesabla 5,33  manat dərman xərci deməkdir.

 2008-ci ildən başlayaraq əhaliyə mədəni xidmətin göstərilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, vətənpərvərlik ruhunda tərbiyə edilməsi  məqsədilə rayonda Heydər Parkı, Qəhrəmanlar Parkı Abidə Kompleksi, Heydər Əliyev Mərkəzi, Uşaq Gənclər Bədii Yaradıcılıq mərkəzi, Heydər Əliyev Seyrəngahı tikilmiş, Ağsu şəhər Mədəniyyət və istirahət parkı, Tarix Diyarşünaslıq muzeyi və rayon Mədəniyyət sarayı yenidən qurulmuşdur.

Mərkəzləşmiş Kitabxana Sistemində veb saytı yaradılmış, elektron kataloq və elektron kitabxana yaradılması istiqamətində müəyyən  işlər görülmüşdür. İndiyədək xüsusi proqram əsasında 115  mindən çox  kitabın və  dövri mətbuatın elektron kataloqu  yaradılmışdır. 2013-cü ildə 3088 nüsxə kitab alınmışdır ki, bunun da 113-ü elektron nəşrlərdir. Hazırda Mərkəzləşmiş Kitabxana Sistemində kitab fondu 229,9 min nüsxə təşkiil edir. Bundan 54,8 min nüsxəsi, yaxud 24 faizi latın qrafikalıdır. İl ərzində 17861 oxucu kitabxana xidmətindən istifadə etmişdir.

         Heydər Əliyev mərkəzinin işinin təkmilləşdirilməsi ilə ciddi nəzarətdə saxlanmalıdır. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tövsiyələrinə və qrafikə uyğun olaraq bu il fevral-may aylarında   Heydər Əliyev mərkəzində keçiriləcək dərslərdə rayon üzrə on birinci sinif şagirdlərinə Ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi tədris olunacaqdır.

Hörmətli toplantı iştirakçıları,

2013-cü ildə Məşğulluq Mərkəzi tərəfindən rayonda 301 nəfər işaxtaran kimi qeydiyyata alınmışdır. İl ərzində  232 nəfər  vətəndaş işə göndəriş alaraq işlə təmin olunmuşdur. Onlardan  64  nəfərini qadınlar, 67 nəfərini isə gənclər təşkil etmişdir.  17  nəfərə  işsiz  statusu  verilərək  müavinət   təyin olunmuşdur.

            Azərbaycan  Respublikası  regionlarının  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramlarının  icrasına  həsr  olunmuş  konfransda  dövlət  başçısı  cənab  İlham  Əliyev  yekun  nitqində  korrupsiya  və  rüşfətxorluqla  mübarizə sahəsindəki  vəziyyətlə  bağlı  bildirmişdir  ki; “Dövlət məmuru xalqın xidmətçisidir. Ona görə, mən bir daha bunu demək istəyirəm ki, növbəti illərdə də rüşvətxorluğa bulaşmış insanlar çox ciddi şəkildə cəzalandırılacaqlar. Kimsə nəticə çıxarmayıbsa, nəticə çıxarsın. Növbəti beş il ərzində Azərbaycan  korrupsiyaya  və  rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olmalıdır. ” 

        Hesabat  ilində  rayonumuzda  da korrupsiya  və  rüşfətxorluqla  mübarizə   tədbirləri  diqqət  mərkəzində  saxlanılıb.  Belə  ki,  2013-cü ildə rayon ərazisində müəssisə, idarə və təşkilat  rəhbərlərinin  hüquq və vəzifələrinin izahına dair mütəmadi görüşlər keçirimiş, baş verə biləcək neqativ halların, rüşvətxorluğun və korrupsiyanın  qarşısını  almaq  üçün  qabaqlayıcı  tədbirlər  görülmüşdür.

        Hesabat ilində rayonda gənclərlə iş üzrə 38 rayon tədbiri keçirilmiş və bu tədbirlərdə 9352 nəfər iştirak etmişdir. Bundan başqa rayon gəncləri 155 nəfərlə  11 zona, 10 respublika  tədbirində  təmsil  olunmuşlar.

            2013-cü ildə 7 idman növü üzrə 32 rayon tədbiri keçirilmiş və bu tədbirlərdə 1599 nəfər idmançı iştirak etmişdir. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin 2013-cü ilin təqvim planına əsasən keçirilən 8 zona və 15 respublika yarışlarında  154  nəfər idmançının  iştirakı  təmin  olunmuşdur.

             Ağsu futbol komandası Peşəkar futbol liqasının birinci Divizionu üzrə respublika  çempionatında  birinci  yerə layiq  görülmüşdür.

            Ötən il Gənclər və İdman İdarəsi müxtəlif idman növləri üzrə açıq rayon çempionatları keçirmişdir. Bu çempionatlarda ətraf rayonların 16 komandası olmaqla, 194 nəfər idmançı iştirak etmişdir. Rayonumuzdan 43 nəfər idmançı bu yarışlarda iştirak edərək , müxtəlif çəki dərəcələri üzrə 12 nəfər birinci yerə, 10 nəfər ikinci yerə, 17 nəfər isə üçüncü yerə layiq görülmüşlər.

            Bütün bunlarla yanaşı rayonda gənclər və yeniyetmələr üçün yaradılmış imkanlardan  hələ  lazımınca  istifadə  edilmir.

         Rayonda  poçt  rabitəsinin keyfiyyətinin yaxşılaşdırılması  istiqamətində  müvafiq  tədbirlər  həyata  keçirilmişdir. Lakin  bu  sahədə  müəyyən nöqsanlar  qalmaqdadır. Poçt rabitəsi sahəsində xidmətlər günün tələbləri səviyyəsində qurulmalı, xidmətlərin  keyfiyyətinə  təsir  edən  amillər  aradan  qaldırılmalı,  əhaliyə  müasir  tələblər  səviyyəsində  xidmət  göstərilməsi  və  normal  iş  şəraitinin  yaradılması  təmin  edilməlidir.

         Dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2013-cü ilin “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunması ilə əlaqədar rayon  Telekommunikasiya Qovşağında müəyyən işlər görülmüşdür. Tarif gəliri 357,4 min  manat təşkil etmişdir ki, bu 7,4 min manat, 2012-ci illə müqayisədə isə 2,1 faiz çoxdur.

         Bununla yanaşı əvvəlki illərdə elektronlaşdırılmış ATS-lərin gücündən istifadə olunması  və  telefon şəbəkəsinin genişləndirilməsi sahəsində  müəyyən  nöqsanlara  yol  verilmiş,  şəhər  və  kəndlərdə ATS-lərin  montaj  tutumundan  səmərəli istifadə  təmin  edilməmişdir. Telefon rabitəsinin və sürətli internetin imkanlarından maksimum istifadə edilməli, müəssisənin texniki-istismar göstəricilərinin yüksəldilməsini təmin edən  konkret  tədbirlər  həyata  keçirilməlidir.

          “Azərbaycan Respublikasında Hərbi Xidmətə Çağrışın əsasları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2013-cü ildə rayonda gənclərin ordu sıralarına hazırlanması, onların təkrar tibbi müayinədən keçirilməsi işinə diqqət artırılmış, hərbiyə yararlı çağrış yaşlı gənclərin əsgəri xidmətə yola salınması sahəsində müvafiq idarə və təşkilatların fəaliyyəti rayon İcra hakimiyyəti tərəfindən  əlaqələndirilmişdir. Gənclərin  ordu  sıralarına yola  salınması üzrə  verilmiş tapşırıqlar  bir  qayda  olaraq  artıqlaması  ilə  yerinə  yetirilmişdir.

                  Qanunçuluğun qorunması və ictimai asayışın mühafizə olunması daim diqqət mərkəzində saxlanılmışdır.  Hüquq mühafizə orqanları tərəfindən həyata keçirilən  səmərəli profilaktik tədbirlər nəticəində cinayətkarlıq və hüquq qaydalarının pozulması halları azalmışdır.  İl ərzində rayon ərazisində cəmi 79  cinayət hadisəsi qeydə alınmışdır ki, bu 2012-ci illə müqayisədə 8 ədəd, yaxud 10,1 faiz azdır. Axtarışda olan cinayətkarların tutulması və cinayət törədən şəxslərin vaxtında müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi ilə bağlı məqsədyönlü işlər görülmüşdür.  Hesabat ilində axtarışda olan 8 nəfərdən 7-si tutulmuşdur. Cinayətlərin  açılması faizi 91,5 olmuşdur.  

Bunlarla yanaşı nəqliyyatın hərəkətinin tənzimlənməsi sahəsində işlər narahatlıq doğurmaya bilməz. Yol hərəkəti qaydalarının kobud şəkildə pozulması nəticəsində ölən və yaralananların sayı artmışdır.

Hörmətli yığıncaq iştirakçıları,

Rayon İcra Hakimiyyətinin ötənilki fəaliyyətinin əsas istiqamətlərindən biri də vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili olmuşdur. 2013-cü  ildə rayon  İcra  hakimiyyətinə  880  vətəndaş  müraciəti  daxil  olmuşdur  ki,  bu  da  2012-ci  illə müqayisədə  97  ədəd, yaxud 12,4 faiz   çoxdur. Müraciətlərin 94-nü, yaxud 10,7 faizini əmək və əhalinin sosial müdafiəsi ilə bağlı məsələlər təşkil edir.  213 müraciət  müsbət həll edilmiş,  44 müraciətdə göstərilənlər qismən təsdiq  olunmuş,  56  müraciət  isə   əsassız  sayılmışdır.  539 müraciətlə bağlı vətəndaşlara müvafiq  izahatlar verilmişdir, 27 ərizədə qaldırılan məsələlər regionların  sosial-iqtisadi  inkişafına  dair  Dövlət  Proqramında  nəzərdə tutulmuş və 1 ərizə isə icra üçün aidiyyəti orqana göndərilmişdir.

Təhlil göstərir ki, Ağsu  şəhərində,  Kəndoba, Çaparlı, Növcü və Ərəbuşağı  kənd inzibati ərazi dairələrindən  daxil olan  müraciətlərin sayı çoxluq təşkil etmişdir. 

Rayon icra  hakimiyyəti başçısının yerlərdə keçirilən  səyyar  görüş-qəbullar  əhali  tərəfindən  razılıqla  qarşılanır,  onların  arzu  və  istəklərinin  öyrənilməsində müstəsna  rol oynayır. Ötən il təsdiq  olunmuş  qrafik  əsasında  ayrı-ayrı  yaşayış  məntəqələrində  keçirilmiş 44  görüş-qəbulda  3274 vətəndaş  iştirak  etmiş, onlar tərəfindən  175  məsələ  qaldırılmışdır. 

        1 yanvar 2014-cü il tarixə olan vəziyyətdə rayon icra hakimiyyətində və ərazi icra  nümayəndəliklərində 113 nəfər dövlət qulluqçusu çalışmışdır ki, onlardan da 105 nəfəri inzibati vəzifə tutan dövlət qulluqçularıdır. Dövlət qulluqçularından 5 nəfəri  qadındır. Onlardan da 2 nəfəri 30 yaşadək gənclər sırasından olan dövlət  qulluqçularıdır.   

    Hörmətli yığıncaq iştirakçıları,

2014-cü ildə və qarşıda çox mühüm vəzifələr dayanır. Qarşıdakı illər üçün qəbul ediləcək üçüncü Dövlət Proqramına uyğun olaraq rayonda sosial-iqtisadi inkişaf tədbirlərinin sürətləndirilməsi, əhalinin sosial müdafiəsinin gücləndirilməsi və sosial problemlərinin həllini nəzərdə tutan geniş miqyaslı işlər görüləcəkdir.  Kənd təsərrüfatı məhsulları istehsalını artırmaq, sənaye, tikinti, nəqliyyat və rabitə müəssisələrinin fəaliyyətini müasir tələblər səviyyəsində qurmaq üçün  məqsədli proqramlar  həyata  keçiriləcəkdir.

Yeni  Azərbaycan Partiyası rayon təşkilatının İcra Aparatı üçün inzibati binanın inşasına başlanacaq, hər cür şəraitə malik müasir xəstəxana binasının tikintisində işlər davam etdiriləcək, mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün əsaslı tədbirlər görüləcəkdir.

Dünya Bankı tərəfindən maliyyələşdirilən Ağsu şəhərinin su təchiza­tının yenidən qurulması və kanalizasiya sisteminin ya­­ra­dılması layihəsinin icrası, şəhər və kənd yollarının təmiri və asfaltlaşdırılması davam etdiriləcəkdir.

Rayonun kəndlərində əhalinin, müəssisə və təşkilatların elektrik enerjisi ilə  dayanıqlı təminatı üçün əsaslı təmir və yenidənqurma işləri aparılacaq və regionların sosial-iqtisadi inkişafına dair növbəti Dövlət Proqramı çərçivəsində yaşayış məntəqələrinin qazlaşdırılmasının sürətləndirilməsi üçün əlavə tədbirlər həyata keçiriləcəkdir.

 Müəssisə, idarə və təşkilatlarda çalışanların iş şəraitinin yaxşılaşdırılması üçün imkanlardan tam istifadə ediləcəkdir.

         Hörmətli toplantı iştirakçıları,

2013-cü ildə rayonumuzda görülən işlər və bu işlərin yerinə yetirilməsi istiqamətində rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların fəaliyyəti barədə Sizə qısa məlumat verdim.

2014-cü ildə qarşımızda daha mühüm vəzifələr durur.

Məruzəmin sonunda əminliklə bildirmək istəyirəm ki, Ağsu Rayon İcra Hakimiyyəti 2014-cü ildə də yeni uğurların əldə olunması, rayonumuzun daha dinamik inkişaf etdirilməsi istiqamətində fəaliyyətini genişləndirəcək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstəriş və tövsiyələrinin, eyni zamanda qanunvericiliklə üzərinə düşən vəzifələrin yerinə yetirilməsinin təmin edilməsi ilə bağlı lazım gələn bütün tədbirləri həyata keçirəcəkdir.

Hörmətli yığıncaq iştirakçıları,
        İcazə verin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edim ki, ağsulular bundan sonra da respublikada bütün sahələrdə aparılan sürətli inkişaf tədbirlərindən kənarda qalmayacaq, qarşıya qoyulan vəzifələrin uğurla həll edilməsi üçün bütün imkanlardan tam və səmərəli istifadə edəcəklər.

Diqqətinizə görə təşəkkür edirəm.

       Məruzə  ətrafında  müzakirə  aparılmış,  rayonda fəaliyyət  göstərən  aidiyyəti  dövlət  orqanlarının  rəhbərləri  çıxış  etmiş, fəaliyyətlərində  mövcud  nöqsanlar  və  onların  aradan  qaldırılması, işin keyfiyyətinin yüksəldilməsi tədbirlərindən söz  açmışlar, ictimayətin nümayəndələri  isə  təklif  və  tənqidi  qeydlərini  səsləndirmişlər.

       Hesabat yığıncağında,  həmçinin  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev və Milli Məclisin deputatı Ərəstun Cavadov çıxış etmişlər. Çıxışlarda diqqət Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr edilmiş iclasında qarşıya qoyulan konkret vəzifələrə yönəldilmişdir.Sonda yığıncaq iştirakçıları adından  ölkə Prezidentinə müraciət qəbul edilmişdir.

 

 

Keçidlər