Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda torpaqların elektron kadastr uçot sisteminin nəticələrinin praktiki tətbiqinə start verilib

27 aprel 2018 | 11:00

Əmlak Məsələləri Dövlət Komitəsi aprelin 27-də Ağsu rayonunda ərazinin inzibati sərhədləri daxilində aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili ilə bağlı ictimai təqdimat  keçirib.
   Rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə komitənin tabeli qurumlarının, aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının, icra nümayəndəliklərinin, eləcə də bələdiyyələrin, müəssisə, idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
    İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev tədbiri açaraq diqqəti Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına cəlb edib, rayonda mülkiyyət formasından asılı olmayaraq torpaqların elektron kadastr işinin reallaşdığını, rəqəmsal kadastr xəritəsinin tərtib edildiyini vurğulayıb və bunun əhəmiyyətindən danışıb.
    Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini Ramiz Quliyev çıxış edərək uçot işlərinin praktiki istifadə qaydaları, rayonun torpaq inzibatçılığı və səmərəli istifadəsinə verəcəyi töhfələr, habelə aqrar potensialın daha da artırılması məqsədilə uçot məlumatlarının istifadə mexanizmləri barədə məlumat verib. Uçot  işlərinin nəticəsi olaraq   rayonun hüdudları daxilində torpaq islahatına cəlb edilmiş 99507,57 hektar torpaq sahəsi mövcuddur. Bunun da 52152,52 hektarı bələdiyyə, 13309,032 hektarı dövlət, 34045,73 hektar özəl torpaqların payına düşür. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 77663,83 hektara yaxını (78 faizi) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 43321,25 hektarını əkin sahələri təşkil edir. Torpaq islahatı zamanı rayon üzrə əkin sahələri 34869,35 hektar olduğu halda, elektron uçot aparılan zaman əkin sahələri digər kənd təsərrüfatı yerlərinin hesabına artaraq 43321,25 hektara çatıb.
     Qeyd edilib ki, Ağsu rayonunda torpaqların elektron kadastr uçotu işləri aparılarkən bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib. Bununla yanaşı, torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb. Rayon ərazisində torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri ilə bağlı uçot aparılaraq məlumatlar təhlil edilib.
   Torpaq və geobotaniki tədqiqatların nəticəsi olaraq, rayonun torpaq xəritəsi, yay otlaqlarının geobotaniki xəritəsi, torpaqların eroziya xəritəsi tərtib edilib, kənd təsərrüfatı yerləri üzrə torpaqların keyfiyyət qruplarına görə bölgüsü aparılıb. Layihə çərçivəsində, habelə torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılmasına dair təkliflər də verilib. Belə ki, layihədə ərazilərdə şorlaşma və şorakətləşməyə məruz qalan və digər səbəblərdən deqradasiya olunan ərazilər müəyyənləşdirilərək, orada kompleks yaxşılaşdırma tədbirlərinin keçirilməsi üçün aidiyyəti üzrə məsələ qaldırılması nəzərdə tutulub.
    Rayonun torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının hazırlanması isə ərazilərin kənd təsərrüfatı məqsədilə daha səmərəli istifadəsinə imkanlar yaradır. Torpaqların keyfiyyətinin müəyyən edilməsi bu ərazilərdə hansı aqrokimyəvi və meliorativ tədbirlərin aparılması ilə bağlı düzgün qərar verməyə imkan yaradır. Başqa sözlə, uçot işləri azyararlı torpaqların istifadə olunmasına və rayonun aqrar potensialının artırılmasına kömək edir.
   Uçot işi nəticəsində hazırlanan bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Reallığı əks etdirən bələdiyyə xəritələrinin mövcudluğu bələdiyyələr tərəfindən torpaq vergisinin toplanması işini sistemli şəkildə, qanunla müəyyən edilən çərçivələrdə aparmağa imkanlar yaradacaq. Bununla da torpaq idarəçiliyində əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artırılacaq.
   Eyni zamanda, rayonun tərtib edilən xəritələrində hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri də müəyyənləşib ki, bu da istifadədəki uyğunsuzluqları aradan qaldırır, rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.
   Kadastr uçot işlərinin yekunlaşması ilə əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılmaqla rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaradacaq. Bununla da torpaq fondu elmi əsaslarla istifadə və idarə olunur, münbit qatın korlanması amilləri aradan qaldırılır, torpaqların kateqoriyalarına uyğun iqtisadi sahələrə cəlb edilməsində effektivlik təşkil edilir.
   Bildirilib ki, torpaqların uçotu işi müasir tələblərə uyğun milli məkan məlumatları infrastrukturunun formalaşmasına zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin olunacaq.
   Təqdimatın sonunda forum iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

Keçidlər