Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda tədbir keçirilib
Tədbiri açan rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov narkomaniyanın qarşısının alınmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb. R.Novruzov ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin bu bəşəri bəlaya qarşı ardıcıl, səmərəli və məqsədyönlü mübarizə apardıqlarını, ölkəmizdə bu sahədə kifayət qədər hüquqi baza yaradıldığını diqqətə çatdırıb.
Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyası üzvlərinin, ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinlərinin və X-XI sinif şagirdlərinin iştirak etdikləri tədbirdə əvvəlcə narkomaniyanın acı fəsadlarından bəhs edən “Mayak” sənədli filmi nümayiş olunub.
Dövlət Komissiyası işçi qrupunun böyük referentləri Şahin İsmayılov və Raqif Allahverdiyev diqqəti Prezident İlham Əliyevin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrə və bu vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərə, görülən işlərə cəlb ediblər. Vurğulanıb ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, müalicə-bərpa sahəsindəki fəaliyyətin müasir dövrün tələblərinə uyğunlaşdırılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi və sair məsələlər xüsusi diqqət mərkəzindədir.
Qeyd olunub ki, cinayət məsuliyyətinə cəlb edilənlər və narkotik istifadəçiləri arasında yeniyetmələrin, gənclərin və qadınların olması faktı bu istiqamətdə fəaliyyətin sistemli və əlaqəli şəkildə təşkilinin təkmilləşdirilməsinin zəruri olduğunu göstərir. Bununla əlaqədar şəhər-rayon komissiyaları profilaktik fəaliyyətin təsir formalarını yerli xüsusiyyətlər nəzərə alınmaqla reallıqlara uyğunlaşdırmalı və hüquqpozmalara meyilli gənclərin erkən aşkarlanması üçün müvafiq qurumlarla, o cümlədən hüquq-mühafizə orqanlarının yerli bölmələri arasında fəaliyyətlərini əlaqələndirməlidirlər.
Tədbirdə rayon polis şöbəsinin əməkdaşı Şəhriyar Hacıyev, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov, mərkəzi xəstəxananın həkimi Seyidağa Gülümov, Bico kənd tam orta məktəbin direktor müavini Telman Qarayev, 4 saylı tam orta məktəbin X sinif şagirdi Aytac Musayeva çıxış ediblər. Çıxışlarda narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə, narkotiklərin istifadəsinin qarşısının alınması ilə bağlı psixo-pedaqoji xidmətin gücləndirilməsi, tədris proqramlarına bilavasitə bu məsələ ilə əlaqədar yeni mövzuların daxil edilməsi, şagirdlərlə söhbətlər, görüşlər, rəsm, inşa müsabiqələri və sair tədbirlərin əhəmiyyətindən danışılıb.