Bir qrup ağsulu gənc təntənəli şəkildə hərbi xidmətə yola salınıb
Aprelin 18-də səhər saatlarında Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısından bir qrup çağırışçı gənc təntənəli mərasimlə hərbi xidmətə yola salınıb.
Hərbi xidmətə yola salınan gənclər əvvəlcə Heydər Əliyev parkında müasir Azərbaycan dövlətinin, onun Silahlı Qüvvələrinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
Heydər Əliyev Mərkəzinə gələn çağırışçılara burada nümayiş olunan stendlərdəki şəkillər əsasında Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumat verilib.
Sonra Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirilib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, polkovnik-leytenant Nizami Heybətov çıxış edərək bu gün Cənubi Qafqazda ən güclü ordu olan Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, müstəqillik qazanan ölkəmizdə Silahlı Qüvvələrin formalaşması və güclənməsində ulu öndər Heydər Əliyevin, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərindən danışıb.
Mərasimdə çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, habelə veteranlar və valideynlər gənclərə şərəfli əsgər həyatı arzulayıb, vətənimizin, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını layiqincə yerinə yetirməyi tövsiyə ediblər.
Çağırışçılar adından çıxış edən İsmayıl Həşimli Azərbaycan əsgəri adını şərəflə daşıyacaqlarını, hərbi sirlərə dərindən yiyələnəcəklərini söyləyib.
Rayon musiqiçilərinin rəngarəng konsert proqramı ilə müşayiət olunan mərasimin sonunda gənclər təntənəli marş sədaları altında Azərbaycan bayrağını öpərək yola düşüblər.