Ağsuda “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Müstəqil, Demoktatik Azərbaycanın gələcəyi - Gənclik” mövzusunda rayon gənclərinin toplantısı keçirildi
31 yanvar 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Ağsu Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə “Müstəqil, Demoktatik Azərbaycanın gələcəyi - Gənclik” mövzusunda rayon gənclərinin toplantısı keçirildi.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini, siyasi və hümanitar məsələlər şöbəsinin müdiri S.Mirzəliyeva, həmin şöbənin baş məsləhətçisi Nailə Bəşirova, bir sıra dövlət və qeyri hökümət təşkilatlarının rəhbərləri, təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədrləri, fəal üzvləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Ağsu rayon Gənclər və İdman İdarəsinin rəisi Azər Kərimli ilk öncə Müstəqil Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik etdi, onlara xoşbəxt gənclik, sağlamlıq və uğurlu gələcək arzuladı.
Azər Kərimli Azərbaycan dövlət quruculuğu sahəsində gənclərin müstəsna rolunu və müstəqil Azərbaycan Respublikası gənclərinin birinci forumunun 1996-cı il fevralın 2-də keçirildiyini nəzərə alaraq ümummilli liderimiz Heydər Əliyevin «2 Fevral – Azərbaycan gəncləri günü elan edilməsi haqqında» Sərəncam imzaladığını, hər il gənclər gününün qeyd edildiyini vurğuladı.
Azər Kərimli qeyd etdi ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. Gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi olaraq, Ulu Öndərimiz 1993-cü ildə ikinci dəfə Respublikaya hakimiyyətə gəldikdən sonra gördüyü ilkin və mühüm işlərdən biri gənclərin ilk dövlət təşkilatının - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması olmuşdur.
Toplantıda, Ağsu Rayon İcra Hakimiyyətinin başçısının müavini S.Mirzəliyeva çıxış edərək Müstəqil Azərbaycan gənclərini bayram günü münasibətilə təbrik etdi, onlara xoşbəxt gənclik, sağlam və firəvan həyat, yüksək amallar uğrunda mübarizlik və cəsarət, nurlu və uğurlu gələcək arzuladı.
S.Mirzəliyeva çıxışında ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə də xüsusi diqqət göstərdiyini, dövlətin gənclər siyasətinin yeni mərhələdə daha da inkşaf etdiyini bildirdi.
Toplantıda Təklə kənd tam opta məktəbinin müəllimi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyi rayon şöbəsinin sədr müavini Elnur Fərzəlizadə, Uşaq Gənclər İdman Məktəbi Müəssisəsinin direktoru Mübariz Məmmədov və fəal gənc Rəvanə Abasova çıxışlarında Azərbaycanda müasir gənclər hərəkatının inkişafı sahəsində dövlət səviyyəsində həyata keçirilən tədbirlərdən söhbət açaraq edərək qeyd etdilər ki, 2003-cü ildən etbarən Azərbaycanda gənclər siyasəti daha da şaxələnərək, yeni qəbul olunmuş qərarların fonunda mahiyyətcə yeni mərhələyə yüksəldi, “Siz bütün işlərdə mənə arxalana bilərsiz. Mən də Sizə arxalanıram” deyən Prezident İlham Əliyev qərarları ilə ulu öndər Heydər Əliyevin Gənclər siyasətinə sadiqliyini təsdiq etdi..
Azərbaycan gəncliyi bu gün durmadan inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasəti gənclərin hərtərəfli inkişafı, onların cəmiyyət həyatında fəal iştirakını təmin edən tədbirlər sistemidir. Rayonumuzda da gənclərə qayğı ilə yanaşılır. Ağsu gəncləri Azərbaycan gəncləri sıralarında öz layiqli yerini tutur. İdmançı gənclərimizin, habelə istedadlı uşaq və yeniyetmələrimizin zona və respublika çempionatlarında, müsabiqə və festifallarda uğurları göstərilən diqqətin nəticəsidir.
Tədbirin sonunda “2 fevral – Azərbaycan Gəncləri günü” münasibəti ilə rayonun ictimai-siyasi həyatında fəal iştirakına, zona və respublika yarışlarında yüksək nəticələr əldə etdiklərinə görə bir qrup gənclərə hədiyyələr təqdim olundu.