Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda sahibkarlar üçün keçirilən maarifləndirici treninqdə müxtəlif mövzular tədris olunub

05 aprel 2018 | 11:00

Ağsuda İqtisadiyyat Nazirliyi Bakı Biznes Tədris Mərkəzinin Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı, rayon icra hakimiyyətinin dəstəyi ilə sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün maarifləndirici treninq keçirilib.
  Sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin maarifləndirilməsi, onlara zəruri nəzəri biliklərin və beynəlxalq təcrübənin, vərdişlərin və bacarıqların aşılanması məqsədilə keçirilən treninqdə “Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması”, “Maliyyənin idarə edilməsi” və “İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən xidmətlər” mövzuları tədris edilib.
  Rayon icra hakimiyyəti başçısının müavini – sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İqbal Mikayılov ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən, Ağsuda iqtisadiyyatın ayrı-ayrı sahələrində, xüsusilə aqrar sektorda sahibkarlıq fəaliyyətinin genişlənməsindən danışıb.
  BBTM-nin Göyçay nümayəndəliyinin rəhbəri Akif Fərruxov hər üç mövzu ətrafında ətraflı məlumat və izahat verib. Biznesdə maliyyə riskinin azaldılması, bu sahədə sahibkarlıq fəaliyyətinin sığortalanması əhəmiyyəti və digər məsələlər barədə ətraflı danışan trener məhsul bolluğunun yaradılması, yeni iş yerlərinin açılması baxımından dövlətin sahibkarlığın inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
  Treninqdə, habelə İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər, www.icazeler.gov.az, www.b2b.az  elektron portalları, portalların biznesin səmərəli təşkili və inkişafı üçün yaratdığı imkanlar, həmçinin investisiya layihələrinin maliyyələşdirilməsi ilə əlaqədar elektron idarəetmə sistemindən danışılıb. Mövzular konkret olaraq videoçarxlarla izah olunub.
  Tədbir çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanan metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər