Azərbaycanlıların Soyqırımı Günü Ağsuda silsilə tədbirlərlə qeyd olunub
Ağsuda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü müxtəlif tədbirlərlə qeyd olunub.
Rayon icra hakimiyyətində ictimaiyyət nümayəndələrinin də iştirakı ilə “dəyirmi masa” keçirilib.
Əvvəlcə xalqımıza qarşı törədilən bu dəhşətli qırğınlar barədə sənədli film nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, başçının müavini Sevil Mirzəliyeva, ziyalı Tahir Xası və başqaları “dəyirmi masa”da çıxış edərək zaman-zaman erməni daşnaklarının törətdikləri qətliamlardan, həyata keçirdikləri məkrli planlardan danışıblar. Vurğulanıb ki, 1828-ci il martın 21-də rus imperatoru I Nikolayın İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində “Erməni vilayəti” yaradılması haqqındakı qərarı Azərbaycan türkləri üçün gələcək dəhşətli günlərin əsasını qoyub. XX əsrin əvvəllərindən etibarən xalqımıza qarşı kütləvi qətliamlar törədən ermənilər etnik təmizləmə siyasəti həyata keçirərək “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək üçün hər cür fırıldağa, cinayətə əl atıblar.
Natiqlər 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərliyi ilə həyata keçirilən növbəti soyqırımına diqqəti cəlb edərək o vaxt Ağsu ərazisinin də daxil olduğu qəza mərkəzini və 86 kəndi dağıtdıqlarını, insanların kütləvi surətdə öldürüldüyünü diqqətə çatdırıblar. Qeyd olunub ki, təkcə Şamaxının 53 kəndində aparılan tədqiqatın nəticələrinə görə 8027 nəfər ( bəzi məlumatlarda 40 min) azərbaycanlı amansızlıqla qətlə yetirilib. Öldürülənlərin də yarısı uşaqlar və qadınlar olub.
“Dəyirmi masa”da ötən əsrin sonlarında on minlərlə azərbaycanlının qətlindən, əsrin faciəsi olan Xocalı soyqırımından, Azərbaycan torpaqlarının 20 faizinin işğalından da ətraflı danışılıb.
Vurğulanıb ki, vaxtilə ümummilli liderimiz Heydər Əliyevin, bu gün isə Prezident İlham Əliyevin erməni daşnaklarının məkrli niyyətinin qarşısının alınması, xalqımıza qarşı törədilən soyqırımın dünya ictimaiyyətinə çatdırılması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardıqları ardıcıl və məqsədyönlü mübarizə artıq öz nəticələrini verməkdədir. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqındakı Sərəncamı ermənilərin o vaxt xalqımıza qarşı törətdikləri dəhşətli qırğınların dünya ictimaiyyətinə çatdırılması, bir daha gündəmə gətirilməsi baxımından mühüm tarixi sənəddir. Bu Sərəncam, həm də hər bir azərbaycanlını tariximizi dərindən öyrənməyə, yaddaşını möhkəmləndirməyə, düşməni yaxşı tanımağa çağırışdır.
* * *
Ağsudakı Qəhrəmanlar Abidə Kompleksində 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb. İctimaiyyətin çoxsaylı nümayəndələrinin iştirak etdikləri mərasimdə dualar oxunub. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edib, 100 il əvvəl erməni daşnaklarının Şamaxı qəzasına daxil olan Ağsunun 7 kəndində törətdikləri qətliamlardan, vəhşiliklərdən danışıb.