Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin pambıqçılığın inkişaf məsələlərinə dair Bərdə rayonunda keçirilmiş respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı yığıncaq keçirilib

28 mart 2018 | 11:00

Son illər aqrar sektorda aparılan islahatlar, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar qəbul edilən qərarlar, həyata keçirilən tədbirlər respublikamızın digər bölgələrində olduğu kimi, Ağsu rayonunda da pambıqçılığın yenidən dirçəldilməsinə səbəb olub.     Təsadüfi deyil ki, sovetlər birliyi dövründə aqrar sektorun aparıcı sahələrindən olan pambıqçılıq son iki ildə rayonda yeni inkişaf mərhələsinə qədəm qoyub. 2016-cı ildə 1092 hektar sahədən 1032 tonadək pambıq istehsal edilib. Ötən il əkin sahəsi 2500 hektara çatdırılıb. 2807 ton pambıq tədarük olunub ki, bu da inişilki göstəricidən 2,7 dəfə çoxdur.
   Bu məlumatlar martın 28-də Ağsu rayonunda pambıqçılığın inkişafı məsələlərinə həsr olunan geniş yığıncaqda səsləndirilib.
  Yerli icra nümayəndələrinin, bələdiyyə sədrlərinin, pambıqçılıqla məşğul olan fermerlərin, ailə təsərrüfatları başçılarının, əlaqədar idarə və təşkilatların rəhbərlərinin iştirak etdikləri yığıncaqda çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə martın 26-da Bərdədə keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsinin yekunlarına və müşavirədə qarşıya qoyulan vəzifələrə cəlb edib. Cari ildə rayonda 2600 hektarda çiyid səpini aparılacağını, bu məqsədlə 166 nəfərin “Ağsu Kənd Təsərrüfatı” MMC ilə müqavilə bağladığını vurğulayan icra hakimiyyətinin başçısı bu ildən əsas diqqətin məhsuldarlığın yüksəldilməsinə, bunun üçün əkin və becərmə işlərinin yüksək aqrotexniki səviyyədə aparılmasına yönəldiləcəyini söyləyib.
  Çıxış edən fermerlər pambıqçılığın inkişafı, məhsuldarlığın yüksəldilməsi ilə əlaqədar təkliflərini söyləyib, sahələrin suvarılması, zərərvericilərə qarşı mübarizə, texnika ilə tam təminat və sair məsələlərlə bağlı qarşıya çıxa biləcək çətinliklərdən və onların həlli yollarından danışıblar. Vurğulanıb ki, əkin aparılacaq bütün ərazilərdə vaxtında dondurma şumu çıxarılıb, sahələr arata qoyulub. Aprelin birinci ongünlüyündən sonra kütləvi surətdə səpinə başlanılacaq.
  Yığıncaqda Prezident Administrasiyasının məsul əməkdaşı Rüfət Məmmədov çıxış edərək Bərdədə keçirilən müşavirədə Prezident İlham Əliyevin pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrdən danışıb, Ağsu rayonunda pambıqçılığın perspektivindən, görüləcək təxirəsalınmaz tədbirlərdən bəhs edib.

Keçidlər