Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilib

21 mart 2018 | 11:00

Ağsu rayonunun ən iri yaşayış məntəqələrindən olan Gəgəli kəndində III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalı keçirilib.
   Həqiqət Musayev adına Gəgəli kənd ümumi orta məktəbinin Tərəkəmə Folkloru Araşdırma və Təbliğat Qrupu və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən keçirilən festivala Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Ağsu Rayon İcra Hakimiyyəti, AMEA Folklor İnstitutu, AzGranata MMC və Allprint MMC təşkilati dəstək veriblər.
   Martın 19-dan başlayan III Beynəlxalq Tərəkəmə Çərşənbəsi folklor festivalında 500 nəfərə yaxın insan iştirak edib. Onların arasında Türkiyə, Gürcüstan, Rusiya və İrandan gələn nümayəndələr və folklor qrupları da vardır.
   Festivalın ilk günündə çıxış edən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Türkiyənin Qars Universiteti Kültür İdarəsinin müdiri Çetin Adıgüzel, Dərbənd Azərbaycan Dövlət Dram Teatrının direktoru Firdovsi Əkbərov, “Dostlar üçün Gürcüstan” Assosiasiyasının prezidenti Tamara Basilaşvili tədbirin Azərbaycanın, ümumən türk dünyasının adət-ənənələrinin təbliğində, dünya xalqları arasında mədəni əlaqələrin qurulmasında və genişləndirilməsində, bəşəri dəyərlərin öyrənilməsində əhəmiyyətindən danışıblar.
   Sonra tədbir folklor qruplarının çıxışları ilə davam edib. Gəgəli kənd ümumi orta məktəbinin nəzdindəki Gəgəli Tərəkəmə Folkloru və Araşdırma və Təbliğat Qrupunun, Ağsu Xançobanı folkloru ansamblının, Dərbənd Azərbaycan Dövlət Dram Teatrı kollektivinin, MİRAS Musiqi qrupunun, “İncilər” Milli geyim nümayişi dəfiləsinin, Gürcüstanın Sameba ansamblının, İsmayıllı rayonu Lahıc folklor qrupunun, İran Qadınlar Dəf folklor qrupunun rəhbəri Şəhla Nəzəri Əfşarın, Ağsunun Bico kəndindən Aşıq Amilin və digərlərinin çıxışları iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
   Festivalda iştirakçılar ayrı-ayrı ölkələrin adət-ənənələri ilə tanış olmaq, kənd mətbəxinin təamlarını dadmaq, qurşaq atmaq və sair imkanlar da qazanıblar. Orta əsr Ağsu şəhəri və Mehrəvan qalasında aşkar edilən arxeoloji tapıntılar,  Gəgəli kəndində toxunan palaz və kilimlər və sair iştirakçılarda böyük maraq doğurub.
   Qeyd edək ki, Tərəkəmə Çərşənbəsində türk obalarında axır çərşənbə günündə bir sıra adətlər mövcuddur və bu adətlərdən ən əsası insanların, eləcə də ev heyvanlarının iki odun arasından keçirilməsi ilə bağlıdır. Bu adət Azərbaycanın Şirvan bölgəsinin Oğuz türk obalarından olan Gəgəli kəndində ən yaxşı şəkildə günümüzədək gəlib çatıb. Ağsu rayonunun ən böyük kəndi Gəgəli türk dünyasının tarixi obalarından olan Axtaçının yaşayış məskənlərindəndir. Əhalisi tarixən qışlaq, yaylaq və yazlıq torpaqlarında maldarlıqla məşğul olan bu əski tərəkəmə obasının bəzi folklor nümunələri özünəməxsusluğu ilə seçilir. Axır çərşənbədə oturma adəti və insanlarla yanaşı, heyvanların da çərşənbə tonqalından keçirilməsi adətinin təhlili bu obanın timsalında əski türklərdə axır çərşənbə mərasiminə böyük önəm verildiyini göstərir.
   Festival üç gün davam edib.

Keçidlər