Tarixi abidələrimiz - Növcü daş-qoç qəbirləri
Azərbaycan ərazisində qoç, eləcə də at fiqurlarının təsvir olunduğu qəbirüstü abidələrə tez-tez rast gəlinir. Xüsusilə ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra tariximizin daha dərindən öyrənilməsi, bu məqsədlə aparılan arxeoloji tədqiqatlar bu cür abidələrin geniş coğrafiyasını aşkara çıxarıb. Ağsu rayonundakı XV-XVI əsrlərə aid, Qaraqoyunlu və Ağqoyunlu nəsillərinə məxsus Növcü daş-qoç qəbirləri xatirə abidəsi də məhz belələrindəndir.
Növcü kəndinin cənubunda Şeyx Əziz qəbristanlığındakı bu abidə iki daş-qoç qəbirüstü fiqurdan ibarətdir. Yerli sakinlərin dediyinə görə, burada iki yox, daha çox belə qəbirüstü abidə olub. Sovet dövründə təsərrüfat işləri zamanı bu nadir daş abidələr itib-batıb, məhv edilib. Qalan iki qoç qəbir isə pir kimi ziyarət olunduğundan sakinlər tərəfindən qorunub. Ehtimala görə, daş-qoç qəbirüstü abidə sərkərdələr, igid döyüşçülər üçün qoyularmış.
Növcü qoç qəbir daşlarının üzü Şərqə tərəf olub, müsəlman adəti ilə dəfn edilən şəxslərə aiddir. Burada qoç qəbri simvolik formaya malikdir. MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü ilə 2013-cü ildə görülən konvervasiya və abadlıq işlərinə qədər daş-qoç fiqurlarını mamır basmış, göbələk qatı ilə örtülmüşdü. Qəbir daşlarının torpağa batan hissələri üzə çıxarılarkən əvvəllər qoç heykəllərinin ayağının olduğu, ərazidə aparılan meliorasiya işləri zamanı zədələndiyi aşkarlanıb. Konservasiya işləri başa çatdırıldıqdan sonra yağıntılardan və günəş şüalarından qorunması üçün qəbir daşlarının üzərinə xüsusi kimyəvi maddə çəkilib.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli deyib: “Daş-qoç fiqurları barədə ilk məlumatlara XVIII-XIX əsrlərdə Azərbaycan ərazisini gəzən xarici səyyahların yazılı mənbələrində rast gəlirik. Ağsu rayonunun Nərgizava abidəsindəki daş heykəl Qafqaz Albaniyasının daş sənətkarlığında özünəməxsus yer tutur. Ötən əsrin 30-cu illərində Qarabağda aşkar olunan qoç qəbir daşlarından birinin üzərində “Allah, Məhəmməd, Əli, Ağalar” yazılıb. Bu qəbir daşı Milli Azərbaycan Tarix Muzeyində nümayiş olunur. Ermənistanda qalan Urud qəbristanlığındakı qoç qəbir daşları ermənilər tərəfindən talan edilərək naməlum yerlərə daşınıb. Mərhum Məşədixanım Nemət həmin qəbir daşlarının bir hissəsini öyrənmişdi. Bu incəsənət abidələri, koroplastika nümunələri Gürcüstanda etnik azərbaycanlıların sıx yaşadıqları Kvemo Kartli bölgəsində, qəbristanlıqlarda və muzeylərdə çoxlu saydadır”.
Söhbət zamanı daş sənətkarlığının qədim tarixə malik olduğunu bildirən F.Xəlilli qədim insanların dünyanın hər yerində müxtəlif formalı heykəllər hazırladıqlarını, Azərbaycanda da qədim yaşayış yeri və qəbir abidələrindən daş heykəllərin üzə çıxdığını söyləyib.
Maraqlıdır ki, İslam dini Azərbaycanda yayıldıqdan sonra qəbirlərə heykəl qoyulması və heyvan cəsədinin yerləşdirilməsi qadağan edilib. Lakin türklərin və ardınca monqolların İslam dünyasında önəmli mövqeyə malik olması ilə qədim adət-ənənə - daş heykəllərdən, heyvan və insan təsvirlərindən istifadə yenidən gündəmə gəlib. Növcü daş-qoç qəbirləri də buna bir sübutdur.