Ağsuda “20 Yanvar” faciəsinin 24-cü ildönümü qeyd edildi
Respublikamızın hər yerində olduğu kimi, Ağsu rayonunda “Qəhrəmanlar Parkı” abidə kompleksi önündə, “20 Yanvar” faciəsinin 24-cü ildönümü qeyd edilmişdir. Yüzlərlə Ağsulu şəhidlərimizi anmaq üçün əllərində qərənfil buraya yığışmışdılar. Tədbirdə RİH başçısı cənab Ənvər Seyidəliyev, RİH başçısının müavinləri, RİH başçısı Aparatın şöbə müdirləri, Rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar faciəsinin iştirakçıları, müəllimlər, iştirak edirdi. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükütla anıldı.
Tədbiri giriş sözü ilə açan İcra hakimiyyətinin başçısı cənab Ənvər Seyidəliyev xalqımızın başına gətirilən müsibətlərdən, Bakıda törədilən vandalizmdən, Ulu Öndər Heydər Əliyevin imperiya əleyhinə gedərək bu faciəyə düzgün siyasi qiymət verməsindən, Ulu Öndərin hər zaman xalqının yanında olmasından danışdı.
Anım tədbirində çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Rasim Novruzov Azərbaycanın azadlığı yolunda şəhid olan “20 Yanvar” faciəsinin qurbanlarının öz qanları ilə tariximizə əbədiyyət salnaməsi yazdığını diqqətə çatdırdı.
Hadisənin canlı şahidi kimi şəhər 5 saylı tam orta məktəbinin direktoru Elman Qarayev o gecənin dəhşətləri barədə danışdı. O vurğuladı ki, hazırda 20 Yanvar faciəsində şəhid olanların ailələri, eləcə də sağlamlıqlarını itirmiş şəxslər dövlətin hərtərəfli qayğısı ilə əhatə olunublar.
Çıxışlardan sonra rayon ictimaiyyətinin nümayəndələri “Qəhrəmanlar Parkı” abidə kompleksində şəhidlərin abidəsinin önünə tər çiçəklər düzməklə öz qanları ilə tariximizə əbədiyyət salnaməsi yazan soydaşlarımıza hörmət və ehtiramlarını bildirdilər.
Mərasim, rayonun Mədəniyyət sarayında “20 Yanvar” faciəsi ilə əlaqədar film, daha sonra Mədəniyyət Evinin hazırladığı “Unudulmaz tarix” mövzusunda ədəbi - bədii kompozisiya nümayişi ilə davam etdirildi.
Dövlət bayrağının səhnəyə gətirilməsi ilə tədbir sona çatdı..