Ağsu rayonunun Rəhimli kəndində 180 şagird yerlik yeni məktəb binasının açılış mərasimi keçirildi
Dekabr 23 – də Ağsu rayonunun Rəhimli kəndində yeni inşa olunmuş 180 şagird yerlik Samit Mikayılov adına Rəhimli kənd tam orta məktəb binası istifadəyə verildi.
Açılış mərasimdə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, məktəbin pedaqoji və şagird kollektivi, valideynlər, kənd ictimaiyyətinin nümayəndələri, rayon Təhsil şöbəsinin əməkdaşları və məktəbin tikintisində iştirak edən inşaatçılar iştirak etdilər.
Açılışdan öncə Azərbaycan Respublikasının Milli Qəhrəmanları Şamil Ağasəf oğlu Ramazanov və Yusif Əliyusif oğlu Əliyevin büstü önünə tər çiçəklər düzülərək əziz xatirələri ehtiramla yad edildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı.
Yeni məktəb binasının açılışına həsr olunmuş tədbiri rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi açaraq təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən genişmiqyaslı işlərə görə ölkə başçısı möhtərəm cənab İlham Əliyevə rayonun pedaqoji kollektivi adından dərin təşəkkürünü və minnətdarlığını bildirdi.
Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək müasir təhsil ocağının istifadəyə verilməsi münasibətilə kənd sakinlərini, şagird və müəllim kollektivini təbrik etdi. İcra başçısı müstəqil Azərbaycan Respublikasında təhsilə və onun inkişafına ümummilli lider Heydər Əliyevin rəhbərliyi dövründə böyük diqqət və qayğının olduğunu, ulu öndərin siyasətini uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən də ölkəmizdə təhsilin inkişafı üçün bütün imkanların yaradıldığını, təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində işlərin yüksək sürətlə davam etdirildiyini diqqətə çatdırdı. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da geniş tikinti və quruculuq işləri mütəşəkkilliklə davam etdirildiyini, xüsusən təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edən Ə.Seyidəliyev son 10 ildə rayonumuzda 4290 şagird yerlik 20 təhsil ocağının tikilib istifadəyə verildiyini, hazırda rayonda daha 3 məktəb binasının tikintisinin davam etdirildiyini bildirdi.
Natiq vurğuladı ki, bütün bunlar rayonda təhsilin daha yüksək keyfiyyətlə inkişaf etdirilməsi üçün əlverişli zəmin yaratmış, yeni, müasir tələblərə cavab verən, informasiya və kommunikasiya vasitələri ilə zənginləşdirilən təhsil müəssisələrində pedaqoji kollektivlərimiz var qüvvələrini sərf etməli, parlaq gələcəyimiz üçün vacib olan təhsilin inkişafına nail olmalıdırlar.
Yeni istifadəyə verilən Rəhimli kənd tam orta məktəbinin direktoru Əlqamət Həsənov, şəhid anası Mehriban Mikayılova və kənd ağsaqqalı Ənvər Hüseynov çıxış edərək kənddə təhsilin inkişafı üçün yaradılmış yüksək şəraitə, onlara göstərilən böyük qayğı və diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını ifadə etdilər.
Mərasimin sonunda rəmzi qırmızı lent kəsildi, iştirakçılar yeni binanı gəzərək şagird və müəllimlər üçün yaradılmış şəraitlə tanış oldular.