“Bizə qoşul və xilas et!” layihəsi davam edir
Dekabrın 1-də Ağsu şəhər 3 nömrəli tam orta məktəbində Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə I qrant müsabiqəsi”ndə qalib gəlmiş “Bizə qoşul və xilas et!” layihəsi çərçivəsində təlim keçirilib.
Tədbirdə şəhər 3 nömrəli məktəbin müəllim kollektivi və şagirdləri iştirak ediblər.
Şagirdlərə mövzu ilə bağlı ətraflı məlumatlar verilərək, cəmiyyətdə mövcud olan müxtəlif problemlərin erkən nikahların sayının artmasına səbəb olduğu, bu sıradan savadsızlıq, məlumatsızlıq, bəsit düşüncə tərzi və maddi problemləri tədbir iştirakçıları ilə müzakirə edilib. Sözügedən mövzu ilə əlaqədar məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Tədbir çay süfrəsi ilə yekunlaşıb. Təlim iştirakçılarına mövzu ilə əlaqədar maarifləndirici bukletlər təqdim edilib.
Qeyd edək ki, layihənin rəhbəri Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədovadır. Layihənin icra müddəti 3 ayı əhatə edir, Sentyabr ayının 22-də başlayıb və dekabr ayının 22-də yekunlaşdırılacaqdır. Oktyabrın 20-də Ağsu rayon Heydər Əliyev Mərkəzində Bizə qoşul və xilas et! layihəsinin təqdimat mərasimi və məktəbliləri maarifləndirəcək könüllü müəllimlərin seçim turu keçirilib. Noyabr ayının 10- da Ağsu rayon Kəndoba kənd tam orta məktəbində, 15-də Ağsu rayonu Gəgəli kənd tam orta məktəbində, 24-də Ağsu şəhər bir nömrəli məktəb liseydə, təlimlər keçirilib. Seçim turunda 20 nəfər müəllim iştirak edib. Həmin müəllimlər də öz dərs dedikləri orta məktəblərdə mövzu ilə əlaqədar kiçik seminarlar keçirirlər. Ümumilikdə isə layihədə 300-ə qədər məktəblinin iştirakı, bukletlər vasitəsi ilə 1500 məktəblinin ümumilikdə maarifləndirilməsi nəzərdə tutulub.