Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyada iştirak edən Ağsulu məktəblilərin Quba-Qusar-Xaçmaz marşrutu üzrə ekskursiyası uğurla başa çatıb

19 noyabr 2017 | 11:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya iştirakçılarının Quba-Qusar-Xaçmaz  marşrutu üzrə ekskursiyası uğurla başa çatıb.  Ekskursiya zamanı Ağsu rayonunu təmsil edən şagirdlərdən ibarət qrup maarifləndirici tur-aksiya çərçivəsində Quba rayonunun görməli yerlərini gəziblər. Qədim Qubaya ekskursiya dağ yəhudilərinin yığcam yaşadıqları Qırmızı qəsəbədən başlayıb. Şagirdlər qəsəbədə salınan Heydər Əliyev parkını gəzib, eləcə də Qudyalçayın üzərindəki Tağlı körpü ilə yaxından tanış olublar.
   Zəngin memarlıq üslubuna malik Cümə məscidi ilə tanışlıq zamanı məktəblilərin diqqətinə çatdırılıb ki, məbəd 1802-ci ildə tikilib. Bu məscid təkcə Qubada deyil, bütün şimal-şərqi Azərbaycanda ən qədim dini mərkəzlərdən biridir.
  Tur-aksiya iştirakçıları şəhərdə fəaliyyət göstərən “Qədim Quba” xalçaçılıq müəssisəsində xalça toxunması prosesini izləyiblər. Burada onlara Quba xalçaçılıq məktəbi haqqında ətraflı məlumat verilib.
Bildirilib ki, Qubanı turistlər üçün cazibədar edən əsas cəhətlərdən biri də qədim tarixə malik xalça sənətkarlığıdır. Buraya gələn əcnəbilər əsrarəngiz təbiət mənzərələri, dünyaya nümunə göstərilən tolerant mühit, qədim tarixi və mədəni abidələrlə yanaşı, adı dillər əzbəri olan xalçalarla da yaxından maraqlanırlar. Quba xalçaları nəinki Azərbaycanda, hətta dünya ölkələrində də şöhrət qazanıb. Belə ki, bu regionun XVIII-XX əsrə aid Çiçi xalçaları Viktoriya və Albert (London), eləcə də Metropoliten (Nyu-York) muzeylərində nümayiş olunur.
  Şagirdlərin diqqətinə çatdırılıb ki, Prezident İlham Əliyevin Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrinin, həmçinin xalçaçılığın inkişafı ilə bağlı tapşırıq və tövsiyələri bölgələrdə bu qədim el sənətinin inkişafına böyük təkan verib. Zəngin xalçaçılıq tarixinə, böyük sənaye potensialına malik Qubada bu sahə ilə məşğul olan müəssisənin fəaliyyət göstərməsi, yüksəkkeyfiyyətli məhsulların isə istər ölkə daxilində, istərsə də xarici bazarlarda rəqabət şəraitində özünə yer tapması həm xalqımızın min illərdən bəri qoruyub saxladığı qədim el sənətimizin yenidən inkişafına təkan verir, həm də regionunun sosial-iqtisadi inkişafında rol oynayır.
   Quba Soyqırımı Memorial Kompleksi və ərazidəki kütləvi məzarlığı ziyarət zamanı tur-aksiya iştirakçıları erməni daşnaklarının törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
   Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
   Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə erməni daşnaklarının yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyənləşib.
   Məktəblilər  Xınalıq yolu üzərində yerləşən dağ şəlaləsinə ekskursiya ediblər.
   Tur-aksiya iştirakçıları, həmçinin “Rixos Quba Azerbaijan” otel kompleksi və burada yerləşən Azərbaycan Milli Qolf Klubu ilə də yaxından tanış olublar.
  “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində rayonumuzu təmsil edən məktəblilərin   Qusara səfəri şəhərin girəcəyində, ən yüksək yerdə inşa olunan Dövlət Bayrağı Meydanından başlayıb. Dəniz səviyyəsindən 689 metr yüksəklikdə yerləşən meydanda quraşdırılan 65 metr hündürlüyündəki dirəkdə Azərbaycan bayrağı əzəmətlə dalğalanır.
   Rayon icra hakimiyyətinin, mədəniyyət və turizm, təhsil şöbələrinin nümayəndələri şagirdlərə Qusar rayonu haqqında ətraflı məlumat veriblər. Bildirilib ki, Qusar rayonu təkcə təbii gözəllikləri ilə deyil, həm də qədim mədəniyyət abidələri, sənətkarlıq nümunələri ilə məşhurdur. Qusarın inkişafı turizm sahəsində özünü daha aydın büruzə verir. “Şahdağ” Turizm Mərkəzi bu sahədə xüsusilə fərqlənir.
Məktəblilər yüksəklikdən Qusar şəhərinə tamaşa edib, xatirə şəkli çəkdiriblər.
Sonra tur-aksiya iştirakçıları “Şahdağ” Turizm Mərkəzi ilə tanış olublar. Məktəblilərə buradakı otellər və müxtəlif xidmətlər barədə ətraflı məlumatlar verilib. Tur-aksiya iştirakçıları mərkəzin xidmətlərindən pulsuz yararlanmaq imkanı da qazanıblar.
   Bildirilib ki, ölkəmizdə qış idman növlərinin inkişafında mühüm rol oynayan “Şahdağ” Turizm Mərkəzi xarici turistlərin Azərbaycana cəlb olunmasına da öz töhfəsini verir. Mərkəzdə turistlərin zövqünü oxşayan xidmətlərin sayının artırılması və keyfiyyətinin təkmilləşdirilməsi yolunda tədbirlər görülür.
   Məktəblilər günün ikinci yarısında Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
   Daha sonra şagirdlər Qusar Tarix-Diyarşünaslıq Muzeyi, Olimpiya İdman Kompleksi və rəsm qalereyası ilə yaxından tanış olublar.
   Ağsu rayon məktəbliləri noyabrın 19-da Xaçmaz rayonunda Heydər Əliyev Mərkəzi,  Şəxsiyyətlər Parkı, Rəsm Mərkəzi və Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olublar.
   Onlar Heydər Əliyev Mərkəzində Xaçmazlı şagirdlərin əl işləri sərgisi ilə tanış olmuş və əl işlərinin hazırlanması prosesində iştirak etmişlər. Sonra Şəxsiyyətlər Parkında 60-a yaxın Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin, görkəmli şair və yazıçıların heykəl və büstləri haqqında şagirdlərə məlumat verilmiş və xatirə şəkilləri çəkilmişdir.
   Məktəblilər rəsm mərkəzində Azərbaycanın tanınmış rəssamlarının sərgiləri ilə tanış olmuş, Xaçmaz rayonun tarixini əks etdirəm Tarix Diyarşünaslıq Muzeyində yaradılan foto şəkillərə, Azərbaycanın Dövlət Rəmzləri haqqında məlumatlar bölməsinə də baxaraq xatirə kitabına ürək sözlərinin yazmışlar.
   Həmin gün rayon icra hakimiyyəti və təhsil şöbəsinin məsul işçiləri tərəfindən yola salınan tur-aksiya iştirakçıları onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. 

Keçidlər