Ağsulu məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Quba rayonuna yola düşüblər
Ağsu rayonunun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup noyabrın 16-da səhər “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba rayonuna yola salınıb. Dörd gün davam edəcək səfər zamanı məktəblilər Quba, Qusar, Xaçmaz rayonlarında bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, sosial-iqtisadi həyatı ilə tanış olacaq, həmyaşıdları ilə görüşəcək, şən və mənalı istirahət edəcəklər.
Yolasalma mərasimi rayon rəhbərliyinin, məktəb direktorlarının, valideynlərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəhərin mərkəzindəki Heydər parkında keçirilib. Tur-aksiya iştirakçıları əvvəlcə parkda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək qoyublar. Sonra Heydər Əliyev Mərkəzinə gələn şagirdlərə Ulu Öndərin həyat və fəaliyyəti barədə ətraflı məlumat verilib.
Yolasalma mərasimində rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək məktəblilərə şən və mənalı istirahət arzulayıb, Azərbaycanımızın şimal bölgələri barədə daha zəngin məlumatlar almağı tövsiyə edib.
Valideynlər bu gözəl təşəbbüsə, məktəblilərin ölkəmizi daha yaxından tanımaları, vətənpərvər ruhda tərbiyəsi, gözəl istirahəti üçün göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra rayon musiqiçilərinin ifasında konsert olub, şagirdlər milli rəqslərimizi ifa ediblər.
Qeyd edək ki, bir gün əvvəl rayon icra hakimiyyətində də tur-aksiya iştirakçıları ilə görüş keçirilib. Görüşdən sonra şagirdlər IDEA İctimai Birliyinin təşəbbüsü ilə keçirilən yaşıllaşdırma aksiyası çərçivəsində Ağsu şəhərinin qərb hissəsində, yol kənarında 200-dən çox ağac əkiblər.