Ağsu rayonunda Konstitusiya Gününə həsr edilən yığıncaq keçirilib
Heydər Əliyev Mərkəzində keçirilən və Konstitusiya Gününə həsr edilən tədbirin iştirakçıları əvvəlcə Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib önünə çiçəklər düzüblər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin, eləcə də digər çıxışlarda qeyd olunub ki, layihəsi ümummilli lider Heydər Əliyevin sədrliyi ilə hazırlanan və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Azərbaycan Konstitusiyası müstəqillik yolunda hələ kövrək addımlarını atan ölkəmizdə dövlətin təməl prinsiplərini, siyasi-hüquqi və iqtisadi əsaslarını, şəxsiyyətin hüquqi vəziyyətini, ədalət mühakiməsini, seçki sisteminin təşkilini, əsas prinsiplərini və digər bu kimi məsələləri müəyyənləşdirən ən yüksək hüquqi qüvvəyə malik qanunlar toplusu oldu.
Əsas prinsipləri müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanan Milli Konstitusiyamız ölkəmizin demokratik və sivil inkişafı üçün əsaslı bir təminatdır. Yığıncaqda vurğulanıb ki, konstitusiyamızın qəbulundan keçən qısa tarixi zamanda ölkəmiz müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünyaya inteqrasiyada böyük uğurlar qazanıb. Bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da artır, Azərbaycan yeni üfüqlərə doğru inamla irəliləyir.