Ağsu, rayonunda Dövlət Bayrağı Günü təntənə ilə qeyd olunub
Dövlət Bayrağı Günü münasibətilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Heydər parkına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər düzüb, ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Heydər Əliyev Mərkəzində təşkil olunan bayram tədbirində Azərbaycanın Dövlət Himni səsləndirilib. Məktəblilərin ifasında dövlət bayrağına həsr edilən şeirlər söylənilib.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin çıxışında 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilən üçrəngli bayrağımızın 1990-cı il noyabrın 19-da ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin sessiyasında yenidən qaldırıldığı bildirib. Qeyd edib ki, dövlətçiliyimizin, müstəqilliyimizin rəmzi olan üçrəngli bayrağımız milli qürurumuzdur. Təsadüfi deyildir ki, azad, müstəqil Azərbaycanımızın şəhər və rayonlarında, o cümlədən Ağsuda qurulan Bayraq meydanı bu gün insanlar üçün müqəddəs bir məkana çevrilib. Bəli, bu meydan bayrağımızın qürurla dalğalandığı şərəfli bir məkandır.
İcra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzovun “Müstəqilliyimizin rəmzi” mövzusundakı məruzəsində, eləcə də çıxışlarda bildirilib ki, dövlətçiliyimizin, müstəqilliyimizin simvolu olan milli bayrağımız bundan sonra əsrlər boyu başımız üstündə dalğalanacaq.