İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Ağsu rayonunda işgüzar forum keçirmişdir
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun noyabrın 8-də Ağsu rayonunda keçirdiyi işgüzar forumda qeyd edilib ki, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla indiyədək bu rayondan olan 658 sahibkara 18,2 milyon manat güzəştli kredit verilib.
Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 516 min manat güzəştli kredit verilib. Kreditlər taxılçılıq, heyvandarlıq, bağçılıq, arıçılıq, tütün emalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu layihələrin reallaşdırılması nəticəsində 60-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumun məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Ağsuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsi idi.
Doxsana yaxın sahibkarın iştirak etdiyi forumda Ağsu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrin maliyyələşdirilməsi, taxılçılıq, soya əkini, intensiv bağçılıq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, süd emalı və meyvəqurutma müəssisələrinin və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, xüsusilə regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirib ki, ümumilikdə, indiyədək Dağlıq Şirvan iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1900-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 69,6 milyon manat güzəştli kredit verilib.
Forum çərçivəsində Ağsuda güzəştli kredit ayrılmış iri taxılçılıq və müasir istixana təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib.
İndiyədək regionlarda və Bakı şəhərinin qəsəbələrində 58 müasir istixana komplekslərinin yaradılmasına 188 milyon manat güzəştli kredit verilib.