Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd edildi

10 noyabr 2013 | 11:00

Noyabrın 9-də Ağsu rayonunun “Bayraq meydanı” kompleksində Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilib.
Bayraq Meydanı və Heydər parkı bayramsayağı bəzədilmiş, şəhərin küçələrində çoxsaylı bayraqlar asılmış, şüar və plakatlar vurulmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Ənvər  Seyidəliyev, RİH başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayon icra strukturlarının rəhbərləri, hərbi qulluqçular, əmək kollektivlərinin nümayəndələri, ictimai fəallığı ilə seçilən gənclər və ağsaqqallar iştirak edirdi.
Tədbir iştirakçıları ilk öncə Ulu  öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə tər çiçəklər düzərək ümummilli  liderə öz dərin ehtiramlarını bildirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Ağsu rayon İcra Hakimiyyətinin başçısı cənab Ənvər  Seyidəliyev giriş nitqi söyləyərək bildirdi ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilmişdir. Azərbaycan Xalq Cumhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli–mənəvi dəyərlərə və ümumbəşəri ideyalara sadiqliyimizi nümayiş etdirir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cumhuriyyəti Hökümətinin iclasında qəbul edilmiş və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Həmin  üçrəngli, ayulduzlu bayrağımız müasir Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış 1990-cı ilin noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin ümummilli liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı daha sonra Azərbaycan  Respublikasının  Prezidenti cənab İlham Əliyevin Azərbaycan dövlət rəmzlərinə göstərdiyi diqqətdən bəhs edərək, 2009-cu il noyabr ayının 17-də imzaladığı sərəncamla 9 noyabr tarixinin Dövlət Bayrağı Günü kimi təsis edilməsini ölkə rəhbərinin öz xalqının tarixi keçmişi, dövlətçilik ənənələri və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsi kimi səciyyələndirdi.
Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər  Seyidəliyev rayon sakinlərini bu gözəl bayramı günü münasibəti ilə təbrik edərək dövlətimizin bayrağının daim yüksəklərdə dalğalanmasını arzu etdi.
Tədbir Heydər  parkında  rayon  Mədəniyyət  şöbəsinin  bədii  özfəaliyyət  kollektivinin rəngarəng konsert proqramı ilə davam etdirildi.

Keçidlər