Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Müstəqilliyi Günü Ağsu rayonunda qeyd olunub

18 oktyabr 2017 | 11:00

Oktyabrın  18-də Ağsu rayonunda dövlət müstəqilliyimizin 26-cı ildönümünə həsr olunan tədbirdən öncə iştirakçılar Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsini ziyarət edib, önünə çiçəklər qoyublar.
  Rayon icra hakimiyyətində təşkil olunan tədbirdə icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və müavin Sevil Mirzəliyeva çıxış ediblər.
Çıxışlarda bildirilib ki, son yüz ildə Azərbaycan xalqı iki dəfə öz müstəqilliyinə qovuşmaq imkanı qazanıb. 1918-ci ildə Azərbaycan ilk dəfə özünün müstəqilliyini elan edib. Həmin il mayın 28-də Azərbaycan Milli Şurası İstiqlal Bəyannaməsini qəbul etsə də, cəmi müstəqil dövlət kimi 23 ay yaşayıb.
  1991-ci ildə Sovetlər ittifaqının dağılması nəticəsində Azərbaycan xalqı öz müstəqilliyini yenidən bərpa edib. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktı qəbul edib. Konstitusiya Aktı 1991-ci il dekabrın 30-da ümumxalq səsverməsi ilə bəyənilib.
  26 il əvvəl qəbul edilən müstəqillik haqqında Konstitusiya Aktı tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutub. Ovaxtkı ağır tarixi şərait, dağılmaqda olan sovet imperiyasının ermənilərə havadarlıq etməsi, bunun nəticəsində torpaqlarımızın işğalı, törədilən təxribatlar, yarıtmaz idarəetmə müstəqilliyimizin ilk illərində ölkəmizdə ciddi problemlərə səbəb olub. 1993-cü ildə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıdan görkəmli dövlət və siyasi xadim Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz edib.
  Məruzə və çıxışlarda vurğulanıb ki, Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir ölkəyə çevrilib.

  

Keçidlər