Şriftin ölçüsü :

Saytın rəngi :

Narkomanlığa və narkotik Vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı “dəyirmi masa” təşkil edilmişdir

06 oktyabr 2017 | 11:00

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu oktyabrın 6-da Ağsu rayonunda “dəyirmi masa” təşkil etmişdir.
  Rayon icra hakimiyyəti ilə birgə maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, məsul işçi Eldar Sadıqov, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin nümayəndəsi Anar Tahirov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Hüseynzadə “ağ ölüm” və onun bəlaları, mövcud durum, mübarizə yolları, təhsil ocaqlarında aparılan maarifləndirmə tədbirlərinin səmərəsinin artırılması və digər məsələlər barədə söz açmışlar.  
  “Dəyirmi masa”da qeyd edilmişdir ki, məktəblilər, xüsusilə də 9-11-ci sinif şagirdləri hər şeyə həssas və xüsusi maraq göstərən riskli qruplardır. Onların vaxtlarının xeyli hissəsi məktəblərdə keçir. Buna görə də sinif rəhbərləri, əsasən də psixoloqlar uşaqlarla daim təmasda olmalı, onların davranışlarını, psixi durumlarını nəzarətdə saxlamalıdırlar. Eyni zamanda, valideynlərlə də sıx əlaqə qurulmalıdır.
  Son vaxtlar narkotik istifadəçilərin sayında artım nəzərə çarpır və son məlumata görə  onların sayı 30 min nəfərə çatır. Narahatlıq doğuran haldır  ki, bu bəla yeniyetmə qızlar arasında da müşahidə olunur. Buna görə də  maarifləndirmənin məktəblərdə kompleks təşkili xüsusi önəm kəsb edir.
  “Dəyirmi masa”da məktəblərdə narkomaniyanın ağır fəsadlarını əks etdirən stendlərin hazırlanması, videoçarxların nümayiş etdirilməsi kimi təkliflər səsləndirilmiş, bu işlərin səmərəli nəticə verəcəyi bildirilmişdir. Qeyd edilib ki, şagirdlərin idmana marağının artırılması üçün onların müxtəlif yarışlarda iştirakına şərait yaradılmalıdır.
Tədbirdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlərdən, bu bəlaya qarşı aparılan mübarizədən də ətraflı danışılmışdır. Bildirilmişdir ki, Daxili İşlər Nazirliyi hazırda üç istiqamətdə - narkotik vasitələrin və psixotrop maddələrin, onların prekursorlarının qanunsuz yolla ölkəyə gətirilməsi, narkotik bitkilərin əkininin qarşısının alınması və narkotik istifadəçilərinin aşkarlanması istiqamətlərində kompleks mübarizə tədbirləri aparır.
  “Dəyirmi masa”da aidiyyatı dövlət orqanlarının nümayəndələri, habelə məktəb direktorları iştirak etmişlər.
Sonda iştirakçılara narkomaniya və onun ağır fəsadlarına dair bukletlər paylanılmışdır.

Keçidlər