Azərbaycan Prezidenti cənab İlham Əliyevin avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Ağsu rayonunda yığıncaq keçirilmişdir
Yığıncaqda rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri, baramaçılıqla məşğul olan təsərrüfat rəhbərləri və kümçülər, ağsaqqallar iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək ölkə başçısı tərəfindən imzalanmış çoxsaylı sosial-iqtisadi inkişafla bağlı dövlət proqramlarından, aqrar sahənin orta və uzunmüddətli inkişaf strategiyasından irəli gələn vəzifələrin icrasından bəhs edib, kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin istehsalçıların rifah halının yaxşılaşdırılmasına öz töhfəsini verdiyini vurğulayıb
Qeyd edilib ki, 1969-cu ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişi Azərbaycanın bütün rayonları kimi Ağsunun da sosial-iqtisadi problemlərinin həllində, kənd təsərrüfatının dirçəldilməsində dönüş nöqtəsi olmuşdur. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi sovet dönəmində rayonda heyvandarlıq, pambıqçılıq, üzümçülük sahələri ilə yanaşı baramaçılıq da ən önəmli sahələrdən birinə çevrilmişdir. Ağsu rayonu barama istehsalı sahəsində uğurlu göstəriciləri ilə fərqlənmiş, 1986 – cı ildə rayonda 79 tondan çox yüksək keyfiyyətli barama istehsal edilərək dövlətə təhvil verilmişdir. 1986-1992-ci illərdə ümumilikdə 510 tondan çox barama yetişdirilmişdir.
Baramaçılıq sahəsinin inkişaf etdirilməsi, rayonun əvvəlki illərdəki şöhrətinin qaytarılması istiqamətində müvafiq iş aparılır. Ötən il rayonda 33 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 30 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 3 min ədəd yerli tut tingi əkilib. Tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilir və onların qorunması təmin olunur. Cari ildə 54 kümçüyə 2660 qram ipəkqurdu verilib, 5492 kiloqram barama tədarük edilib. Barama tədarükünün həcmi ötən ilə nisbətən 3,2 dəfə çox olub. Aratlı Curuğlu kənd sakini Əliyev Kamil Əlisa oğlu daha yüksək nəticə əldə etmişdir. O, cari ildə 41 qram barama qurdu yetişdirərək 278 kiloqram barama təhvil vermişdir.
Yığıncaqda Rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Elxan Abdullayev, RİH başçısının Ərəbuşağı, Kəndoba və Ərəbmehdibəy kənd inzibati ərazi dairələri üzrə nümayəndələri Gülağa Əliyev, Möhübbət Mədətov, Hacıağa Hüseynov, kümçülər Sadiq Əhmədov, Əsədullayev Şamxal çıxış edərək görülən işlərdən danışdılar, becərmə zamanı yaranan bəzi çətinliklərin həlli yollarını müzakirə etdilər.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirib ki, ipək qurdlarının rayona gətirilməsi zamanı keyfiyyətinə və çəkisinə xüsusi nəzarət təmin olunmalı, ipək qurdlarının bəslənilməsi üçün yerlərin seçilməsinə xüsusi diqqət yetirilməli və bu işdə səriştəsi olan kənd sakinlərinə verilməli, həmçinin barama qəbulu məntəqəsinin inşa edilməsi üçün müvafiq torpaq sahəsi seçilməlidir. Həmçinin yığıncaqda yeni tut ağaclarının əkilməsi və becərilməsi üçün tədbirlərin görülməsindən, mövcud tut ağaclarının keyfiyyətli, aqrotexniki qaydalara uyğun budanmasından və ipək qurdları bəslənərkən onların ciddi mühafizəsinin təşkil olunmasından danışılıb və müvafiq şəxslərə tapşırıqlar verilib.
Sonda rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev 2018-ci ildə yüksək nəticə əldə edilməsi məqsədi ilə mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılması haqqında və növbəti mövsümədək bu sahədə olan çətinliklərin tezliklə aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.