Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunun Qəşəd kəndində içməli su xəttinin açılışıolmuşdur

29 iyun 2017 | 11:00

Mərasimdə Yaponiyanın Azərbaycandakı səfiri Teruyuki Katori, rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Milli Məclisin deputatı Tahir Kərimli çıxış edərək layihənin yaşayış məntəqəsinin su təchizatının ödənilməsindəki əhəmiyyətindən söz açıblar. Görüşdə qonağa Ağsu rayonu, onun iqtisadiyyatının əsas sahələri, ixracyönümlü məhsulları, sosial-iqtisadi inkişafı barədə ətraflı məlumat verilmişdir.
Ənvər Seyidəliyev Azərbaycan-Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu, həyata keçirilən sosial layihələrin iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə böyük töhfə olduğunu bildirib.
Səfir Teruyuki Katori layihənin başa çatması münasibətilə sakinləri təbrik edib. Səfir Yaponiya hökumətinin maliyyə dəstəyi ilə “Ağsu rayonunun Qəşəd kəndində su təchizatı sisteminin tikintisi” layihəsinin başa çatdığını və ümumi dəyəri 82 min 747 ABŞ dolları olan layihəyə əsasən Qəşədin şimalından, dağlardakı bulağlardan götürülən suyun 10 kilometrlik borularla yaşayış məntəqəsində qurulan 30 tonluq anbara gətirildiyini və buradan isə ayrı-ayrı məhəllələrdə tikilən 3 bulağa və 79 paylayıcı nöqtəyə ayrıldığını qeyd etmişdir.
Səfir bu il Yaponiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin yaradılmasının 25-ci ildönümünün tamam olduğunu vurğulayaraq İnkişafa Rəsmi Yardım (ODA) proqramı çərçivəsində reallaşdırılan layihələrin Azərbaycanda infrastrukturun yaxşılaşdırılması, su təchizatı və digər sosial sahələr, kənd təsərrüfatı kimi geniş sektorları əhatə etdiyini bildirib.
Sonra Qəşəd kəndində su təchizatının açılış mərasimi keçirilib.
Mərasimdə çıxış edən kənd sakinləri su təchizatı ilə əlaqədar çətinliklərin aradan qaldırılmasına göstərdikləri yardıma görə səfirə, Yaponiya hökumətinə təşəkkürlərini bildiriblər.

Keçidlər