Cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin məruzəsi dinlənilib, müzakirələr aparılıb.
İlin ilk üç ayında sosial-iqtisadi sahədə uğurlu nəticələr qazanıldığını vurğulayan natiqlər bu müddətdə ümumi məhsul buraxılışının həcminin 26 milyon 69,6 min manat təşkil etdiyini diqqətə çatdırıblar. Qeyd olunub ki, sənaye məhsulunun həcmi 17,5 faiz və ya 223 min manat artıb və 1 milyon 497,3 min manata çatıb. Üç ayda tikinti-quraşdırma işlərinin həcmi 2 milyon 869,8 min manat, əsas kapitala yönəldilən investisiyalar 3 milyon 18,9 min manat olub. Keçən illə müqayisədə bu sahələrdə artım müvafiq olaraq 24,3 faiz və 27,8 faiz təşkil edib.
Bir sıra sahələrdə tikinti-quraşdırma işləri görülür. Belə ki, “Az-Qranata” MMC üçün yeni şərabsüzmə və soyuducu anbarının, “Süsən aqro” MMC üçün Gəgəli qışlağı adlanan ərazidə kənd təsərrüfatı məhsulları istehsalı kompleksinin, şəhərin kanalizasiya sistemi üçün təmizləmə qurğusunun, şəhid ailələri və Qarabağ əlilləri üçün hər biri üç otaqdan ibarət 13 evin inşası, çoxmərtəbəli binaların, eləcə də, 29 km uzunluğunda Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun təmiri davam etdirilir.
Məruzə və çıxışlarda ölkəmizdə aqrar sahədə aparılan islahatlardan, bu istiqamətdə Prezident İlham Əliyevin qarşıya qoyduğu konkret vəzifələrdən, bununla əlaqədar rayonda görülən işlərdən ətraflı danışılıb. Bildirilib ki, vaxtilə ənənəvi sahə olan pambıqçılığın inkişafı bu gün ən ümdə vəzifələrdəndir. Cari ildə 2500 hektarda çiyid səpini aparılacaq. Ciddi hazırlıqdan sonra artıq əkin kampaniyasına başlanılıb. Pambıqçılıq üzrə 18 inzibati ərazi dairəsində 160 nəfər istehlakçı ilə müqavilə bağlanılıb.
Rayonda baramaçılığın inkişafı, bu məqsədlə yem bazasının yaradılması istiqamətində də lazımi işlər aparılıb. Belə ki, Çindən gətirilən 30 min ədəd tut tingi mütəxəssislərin köməyi ilə əkilib və hazırda tinglərə qulluq göstərilir.
Aqrar sektorun aparıcı sahələrindən olan taxılçılıq, heyvandarlıq, bostan-tərəvəzçilik sahələrində də həyata keçirilən tədbirlər öz müsbət nəticəsini verir. Hazırda 2 hektarda əlavə yeni istixana kompleksi qurulur.
Məruzə və çıxışlarda aqrar sektorda qarşıda duran konkret vəzifələr də ətraflı müzakirə edilib. Həmçinin təhsil, səhiyyə sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı, su təchizatı ilə bağlı görülən işlərdən, habelə həlli vacib məsələlərdən danışılıb.