Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda pambıqçılığa həsr olunan müşavirə keçirilib

03 aprel 2017 | 11:00

Ağsu rayon Mədəniyyət sarayında pambıqçılığa həsr olunan müşavirə keçirilib, mövcud vəziyyət və qarşıda duran təxirəsalınmaz vəzifələr müzakirə edilib.
   Müşavirəni açan rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev ölkəmizdə, o cümlədən, Ağsuda pambıqçılığın inkişaf perspektivlərindən danışıb. Vurğulayıb ki, cari mövsümdə rayonda 2500 hektarda çiyid səpini aparılacaq. Əkin sahələri ötən ilkinə nisbətən 2,5 dəfə artırılacaq. Hazırda bütün qüvvələr çiyid səpininin aqrotexniki müddətdə və keyfiyyətlə başa çatdırılmasına səfərbər edilib. Bu il Ağsuda 160 sahibkar pambıq əkəcək. Onlardan 100 nəfəri MKT-nin Ucar filialı, 60 nəfər isə “Ağsu KT” MMC ilə müqavilə bağlayıb. Hər gün orta hesabla 120-130 hektarda səpin aparılır.
  İcra başçısı ötən il sahibkar Rəfan Alcanovun, eləcə də, bir sıra başqalarının hər hektardan 25-30 sentner pambıq götürdüklərinə diqqəti cəlb edərək, bu il rayon üzrə orta məhsuldarlığın azı 20 sentnerə çatdırılması üçün hər cür şəraitin olduğunu vurğulayıb.
   Çıxış edən kənd təsərrüfatı idarəsinin rəisi Elxan Abdullayev, Suvarma sistemləri idarəsinin müdiri Səfər Məmmədov, MKT-nin Ucar filialının nümayəndəsi Hacağa Hüseynov və başqaları əkinə hazırlıq, səpinin gedişi barədə konkret məlumatlar verib, sahibkarları maraqlandıran və onları narahat edən məsələlərlə bağlı sualları cavablandırıblar. Bozavand, Cəlayir, Mustafalı Çaparlı, Qiyaslı, Maşadqanlı və bir sıra digər kəndlərdən olan sahibkarlar səpin üçün lifli toxumun gətirilməsi, ağır mala, yol, əlavə suvarma arxlarının çəkilişi və s. məsələlər barədə təkliflər səsləndiriblər. Sahibkarların iradları və təklifləri nəzarətə götürülüb, araşdırılaraq lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara konkret tapşırıqlar verilib.
   Müşavirədə Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov çıxış edərək ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb, ixracyönümlü məhsul olan pambıq istehsalının prioritet sahə olduğunu vurğulayıb. O, diqqəti Prezident İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən müşavirənin yekunlarına, dövlətimizin başçısının pambıqçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələrə cəlb edərək, bu sahədə Ağsu rayonunda görüləsi həlli vacib işlərdən danışıb.

 

Keçidlər