Şəhid Aslan Nadirovun anım mərasimi keçirilib
Aslan Tarverdi oğlu Nadirov 1968-ci ildə Ağsu rayonunun Gəgəli kəndində anadan olub. Bakı şəhər 2 nömrəli tibb məktəbini bitirən gənc 1992-ci il martın 11-də “Dağlıq Qarabağ” könüllülər hərbi dəstəsinin tərkibində Laçın rayonunun Turşsu kəndinə göndərilib. Əlində silah, çiynində tibb çantası kənddəki postda keşikdə durub, döyüşüb, yaralı əsgərlərə, könüllülərə tibbi yardım göstərib, ağır yaralıları Müdafiə Nazirliyinin Bakı şəhərində yerləşən hərbi hospitalına müşayiət edərək təhvil verib, yenidən döyüş zonasına qayıdıb. 1992-ci il martın 29-da səhər saat 9 radələrində Laçından Şuşaya hərəkət edən könüllü döyüşçüləri və tibb işçilərini aparan avtobusu Daşaltı kəndində yerləşən erməni tankları atəşə tutub. 7 nəfər yaralanıb, 2 nəfər həlak olub. Həlak olanlardan biri Lerik rayonundan olan tələbə Nazim Ağayev, ikincisi isə Aslan Nadirovdur. Rayondan ilk şəhid olan A.Nadirov 1992-ci il aprelin 1-də Ağsu şəhərində dəfn edilib. Artıq o vaxtdan 25 il keçir...
Şəhidin adını daşıyan şəhər 1 nömrəli məktəb-liseydə müəllim və şagirdlərin, rayon ağsaqqallarının, habelə ictimaiyyət nümayəndələrinin iştirakı ilə anım mərasimi keçirilib.
Əvvəlcə şəhidin məktəbin foyesindəki büstü önünə çiçəklər düzülüb.
İclas zalında məktəb-liseyin direktoru Sənan Nemətov, şəhidin qardaşı, ehtiyatda olan polkovnik-leytenant Marif Nadirov, rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov və başqaları şəhidin qısa, lakin şərəfli həyat yolundan danışıblar. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordularındandır. Aslan kimi igid oğullarımız işğal altındakı torpaqlarımızı hər an azad etməyə hazırdırlar.