2016-cı ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr ətraflı müzakirə edilmişdir
Rayon rəhbərliyi, fəallar və qonaqlar əvvəlcə Heydər parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə qərənfillər düzüblər.
Hesabat yığıncağında Prezident İlham Əliyevin 2016-cı il aprelin 29-da Ağsuya səfərinə həsr edilən sənədli film nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, eləcə də digər çıxış edənlər dövlətimizin başçısının ixracyönümlü məhsulların, o cümlədən pambıqçılığın və baramaçılığın inkişafı ilə əlaqədar qarşıya qoyduğu konkret vəzifələri diqqətə çatdıraraq, bu sahədə ciddi işlərə başlanıldığını bildiriblər. Qeyd olunub ki, keçən il 1032 ton pambıq, 1691 kiloqram barama istehsal olunub. Cari ildə pambıq əkinlərinin 2500 hektara çatdırılması üçün torpaq sahələri ayrılıb, baramaçılığın yem bazası üçün 33 min ədəd tut tingi əkilib. Bununla yanaşı, taxılçılıq, heyvandarlıq sahələrində də xeyli iş görülüb, 3 hektarda istixana təsərrüfatı yaradılıb.
Məruzə və çıxışlarda, ümumiyyətlə, ötən ilin rayon iqtisadiyyatı üçün uğurlu keçdiyi vurğulanıb. Bildirilib ki, ümumi məhsul buraxılışı 160 milyon 727 min manat olub. Bu isə 2015-ci ilə nisbətən 2 faiz, 2003-cü il səviyyəsindən isə 6,5 dəfə çoxdur. Hesabat ilində “Az Şərab-3” ASC-nin ərazisində yaradılan “Qradus 40” MMC tərəfindən ət istehsalı ilə məşğul olmaq üçün hər biri 125 başlıq 2 müasir heyvandarlıq binası inşa olunub. Çiyni və Gəgəli kəndlərindən olan sahibkarlar Müşviq İsmayılov və Azad Bağırov tərəfindən də 550 baş mal-qara saxlamağa imkan verən heyvandarlıq kompleksləri tikilib.
Yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində də yeni layihələrə start verilib. Belə ki, Dövlət Proqramına müvafiq olaraq uzunluğu 29 kilometr olan, 7 kəndi birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun yenidən qurulmasına başlanılıb. 2016-ci ildə Ağsu-Bozavand yolu, şəhərin bir çox küçəsi asfaltlaşdırılıb.
Əhalinin normal elektrik enerjisi, təbii qazla təminatı istiqamətində də xeyli iş görülüb. Keçən il Ağsu yarımstansiyası yenidən qurulub, sakinlərin 97,8 faizi “mavi yanacaq”la təmin olunub.
Yığıncaqda qarşıda duran vəzifələrdən də danışılıb. Bildirilib ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində dinamik inkişafın təmin olunması, bir sıra kəndlərin təmiz içməli su ilə təminatı, bəzi təhsil ocaqları və mədəniyyət obyektlərinin təmiri və digər istiqamətlərdə lazımi işlər görülməlidir.
Hesabat yığıncağında Prezident Administrasiyasının məsul işçisi Rüfət Məmmədov və Milli Məclisin deputatı Tahir Kərimli çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı uğurlardan, qeyri-neft sektorunun inkişafından, aqrar islahatların bölgələrin sosial-iqtisadi inkişafına verdiyi töhfələrdən, habelə dövlətimizin başçısının qarşıya qoyduğu konkret vəzifələrin həlli yollarından danışıblar.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.