2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı “Milli Memarlıq və Şəhərsalmanın tərəqqisində Heydər Əliyev imzası” mövzusunda yığıncaq keçirilib
30 aprel 2026-cı il tarixdə Ağsu Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı “Milli Memarlıq və Şəhərsalmanın tərəqqisində Heydər Əliyev imzası” mövzusunda yığıncaq keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatlarının rəhbərləri, ağsaqqallar və ziyalılar iştirak edib.
Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov tədbiri giriş sözü ilə açaraq Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin əhəmiyyətini qeyd edərək, təsdiq olunmuş tədbirlər planının müvafiq bəndlərinin icrası ilə bağlı qarşıda duran aidiyyəti məsələlərdən danışıb. RİH başçısı Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illəri Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ olduğunu xüsusilə vurğulayıb və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə bu sahədə aparılan geniş islahatlar və irimiqyaslı layihələrin həyata keçirilməsindən bəhs edib.
Digər çıxışçılar Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu memarlıq və şəhərsalma strategiyasının bu gün də Prezident cənab İlham Əliyev tərəfindən davam etdirildiyini, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işlərinin görüldüyünü diqqətə çatdırıblar.







