2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Tarix yazan əbədiyaşar lider” mövzusunda yığıncaq keçirilib
Ağsu Rayon İcra Hakimiyyətinin və YAP Ağsu rayon təşkilatının birgə təşkilatçılığı ilə 18 oktyabr 2023-cü il tarixdə YAP Ağsu rayon təşkilatının inzibati binasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar “Tarix yazan əbədiyaşar lider” mövzusunda yığıncaq keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, ağsaqqallar, Vətən müharibəsi iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət ediblər. Tədbir öncəsi Dövlət himni səsləndirilib.
Yığıncaqda çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında geniş məlumat verərək bildirib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. RİH başçısı qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev öz adını bütün Azərbaycan xalqının qəlbinə həkk etmişdir. Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik təfəkkürünün, tarixin sınağından şərəflə çıxmış unikal idarəçilik məktəbinin, müasir ictimai-siyasi, fəlsəfi fikrin ən davamlı keyfiyyətlərinin canlı təcəssümüdür. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə Azərbaycanın inkişafı, müstəqilliyi və gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan, ona hər zaman dayaq olan Ümummilli liderin uzaqgörən, praqmatik siyasəti nəticəsində ölkəmizin dövlətçilik tarixinin şanlı səhifəsi yazıldı. Qürur verici haldır ki, Ulu Öndərin memarı və qurucusu olduğu, hazırda böyük yüksəliş dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının dövlət müstəqilliyi etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Digər natiqlər vurğulayıblar ki, dünya dövlətləri sırasında layiqli yer tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini dövlətimizin başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Prezident cənab İlham Əliyev də hər zaman milli-mənəvi dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas rol oynayıb. Uğurlu siyasətin bariz nəticəsi Azərbaycanın 30 ilə yaxın davam edən münaqişədə qalib tərəfə çevrilməsi və ərazi bütövlüyümüzün birmənalı təsdiqi ilə özünü ifadə edir. İllərdir torpaqlarının 20 faizi düşmən tapdağı altında qalan Azərbaycan “Qarabağ Azərbaycandır!” reallığını cəmi 44 gün ərzində tarixə şərəflə həkk etdirdi.