“Ağsuda xalçaçılıq” adlı sərgi-yarmarka təşkil olunub
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsi çərçivəsində noyabrın 20-də Orta Əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində “Ağsuda xalçaçılıq” adlı sərgi-yarmarka təşkil olunub.
Iştirakçılar əvvəlcə 1991-ci il noyabrın 20-də baş verən Qarakənd faciəsi şəhidlərinin xatirəsini yad ediblər.
Sərgi-yarmarkanı layihənin rəhbəri Fariz Xəlilli açıb. O, “Kənd həyat tərzinin inkişafında qadınların rolu” layihəsi çərçivəsində 6 ay ərzində görülən işlərdən bəhs edib. Bildirib ki, sərgi-yarmarkaya Gəgəli, Bico və Qəşəd kəndlərində toxunan iri xalçalarla yanaşı, namazlıq, hədiyyəlik, xurcun kimi xırda xalça və palaz nümunələri də çıxarılıb.
F.Xəlilli, eləcə də açılış mərasimində çıxış edən professorlar Röya Tağıyeva, Kübra Əliyeva, Qafar Cəbiyev və başqaları Azərbaycan xalça sənətinin tarixindən söz açıblar. Natiqlər, bu sənətin, əslində müstəqillik qazanıldıqdan sonra yenidən xalqımıza qaytarıldığını diqqətə çatdırıblar. Bildirilib ki, Prezident İlham Əliyevin mədəniyyətimizə göstərdiyi yüksək qayğısı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təbliği məqsdilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən tədbirlər bu sahədə mühüm rol oynayır. Təsadüfi deyil ki, “Azərbaycan xalçası” sənəti altı il əvvəl - 2010-cu il noyabrın 15-18-də Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökümətlərarası Komitəsinin X sessiyasında UNESCO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.
Çıxışlarda bildirilib ki, Gəgəli, Bico və Qəşəd toxucularına yeni çeşnilər gətirilib və böyük maraqla qarşılanıb. Eyni zamanda, həvəskar qızların qonşu İsmayıllı Peşə Tədris Mərkəzində xalçaçılıq kursu kimi tədris ocaqlarına cəlb olunmalarının vacibliyi vurğulanıb.
Tədbirdə iştirakçılara layihə ilə əlaqədar kitab və tanıdıcı flayerlər təqdim edilib, peşəkar və gənc xalçaçılara sertifikatlar verilib.