Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində şimal rayonlarına yola salınıb

17 noyabr 2016 | 11:00

Ağsu rayonunun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərindən ibarət 40 nəfərlik qrup Prezident İlham Əliyevin tövsiyəsi ilə ”Ölkəmizi tanıyaq”  devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində noyabrın 17-də şəhərin mərkəzindəki Heydər Əliyev parkından respublikamızın şimal bölgələri istiqamətinə yola salınıb. Məktəblilər 4 nəfər müəllim və 1 nəfər həkimin müşayiəti ilə əvvəlcə Şamaxıda ətraf rayonlardan olan tur-aksiya iştirakçıları ilə görüşəcək, oradan Quba-Qusar və Xaçmaza gedəcəklər.
  Rayon rəhbərlərinin, məktəb direktorlarının, müəllimlərin və valideynlərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə yolasalma təntənəli mərasimlə keçirilib. Səfərə çıxan məktəblilər əvvəlcə parkda Ulu Öndərin heykəli önünə gələrək öz ehtiramlarını bildiriblər. Heydər Əliyev Mərkəzində şagirdlərə Ümummilli Liderimizin həyat və fəaliyyəti barədə geniş bilgilər verilib.
  Mərasimdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev məktəblilərə uğurlu yol arzulayıb, Azərbaycanın şimal bölgəsi barədə zəngin bilgilər qazanılmasında, şən və mənalı istirahətlərində tur-aksiyanın önəmindən danışıb.
  Şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova tur-aksiyanın şagirdlərin vətənpərvərlik tərbiyəsində xüsusi önəm daşıdığını vurğulayıb, bu layihənin təşəbbüsçüsü olan ölkə başçısına minnətdarlığını  bildirib.
  Mərasimdə şəhər 2 saylı tam orta məktəbinin şagirdi Ayşən Həsənova şimal rayonlarına edəcəkləri səfərdən məmnunluğunu bildirərək deyib:” Doğrusu, Azərbaycanımız, onun ayrı-ayrı bölgələri barədə şəxsən mənim hələ bilmədiyim çox məlumatlar var. Prezidentimizə çox-çox minnətdaram ki, “Ölkəmizi tanıyaq” tur-aksiyasının səbəbkarıdır. Dörd günlük səfər zamanı Quba, Qusar və Xaçmaz rayonları, bu yerlərin tarixi, maddi-mədəniyyət abidələri, adət-ənənələri, müstəqilliyimizdən sonrakı illərdə qazandığı uğurları barədə hərtərəfli məlumat alacaq, gəzməli, görməli yerləri ilə tanış olacağıq. Bu tanışlıq sözsüz ki, bizdə doğma yurdumuza sevgimizi, bağlılığmızı qat-qat artıracaq”.  

Keçidlər