Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsuda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində, kitab bayramı keçirilib.

06 may 2013 | 10:00

Ağsuda mayın 5–də, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş Kitab bayramı keçirildi.
      Rayon rəhbərlərinin, ziyalıların, gənclərin və yeniyetmələrin qatıldığı tədbirin iştirakçıları ilk öncə parkda ulu öndərin abidəsini ziyarət etdilər.
   Açılış mərasimində çıxış edənlər görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən danışdılar. Sonra “Nərgiz” uşaq bağçasının və şəhər 4 saylı tam orta məktəbi şagirdlərinin ifasında ümummilli liderimizə həsr olunmuş şerlər səsləndirildi.
     Daha sonra iştirakçılar parkda sərgilənmiş kitablara baxdılar. Burada öz mənalı ömrünü xalqına, onun azadlığı və firavanlığına bəxş etmiş böyük öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan yüzlərlə kitab və jurnal nümayiş etdirilirdi. Mərkəzi rayon kitabxanasının 10 nəfərədək işçisi kitabsevərlərə ayrı-ayrı əsərlər barədə qısa, konkret bilgilər verirdilər.
     Tədbirdə ulu öndərə həsr olunmuş ən yaxşı şeir söyləyənlər arasında keçirilən müsabiqədə qalib gələn uşaq və yeniyetmələrə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs olunan kitablar hədiyyə edildi. Eyni  zamanda  ən yaxşı kitabxanaçı və ən yaxşı fəal oxucu nominasiyaları üzrə müsabiqəyə də yekun vurularaq qaliblər – Ülkər Hacıyevaya və Camaləddin Zeynalova kitab hədiyyələri verildi.
Kitab bayramında Milli Məclisin deputatı Ərəstun Cavadov iştirak etdi.
Sonda ulu öndərə həsr olunmuş videoçarx nümayiş etdirildi.

Keçidlər