Narkomanlığa qarşı mübarizə üzrə təlim-məşğələ toplantısı keçirilib
Ağsuda Narkomanlığa və Narkotik Vastələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə təlim-məşğələ toplantısı keçirilib.
Təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, tibb işçiləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri üçün keçirilən təlim-məşğələni giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Rasim Novruzov bəşəriyyət üçün ağır bəla olan narkomanlığın törətdiyi problemlərdən, bu bəlaya qarşı mübarizədə səylərin kompleks şəkildə əlaqələndirilməsinin zəruriliyindən danışıb.
Tədbirdə Narkomanlığa və Narkotik Vastələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupunun rəhbər müavini Vasif Quliyev, Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə idarəsinin Qərb regional şöbəsinin əməkdaşı Şahin Hüseynov, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim narkoloqu Asif Kəngərli, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional Mərkəzlərlə iş şöbəsinin məsləhətçisi Səməd Sadıxov və başqaları çıxış ediblər. Çıxışlarda narkotik vastələrin, psixotrop maddələrin və onların rekursorlarının qanunsuz dövriyyəsi və onlardan sui-istifadə ilə əlaqədar mübarizənin gücləndirilməsi məqsədilə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin, incəsənət ustalarının, tanınan idmançıların iştirakı ilə təbliğat xarakterli kütləvi tədbirlərin təşkilinin, müvafiq qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsinin zəruriliyi bildirilib. Habelə, vurğulanıb ki, narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədiyi ərazi və təhsil aldığı inzibati ərazilər üzrə yerli icra hakimiyyəti, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələr genişləndirilməlidir.
Tədbirdə maarifləndirmə işinə xüsusi önəm verilməsinin, asudə vaxtın təşkili məsələlərinə, gənclər evlərinin, idman, mədəniyyət, incəsənət müəssisələrinin, ailələrə və uşaqlara dəstək mərkəzlərinin fəaliyyətinin gücləndirilməsinə, uşaq və yeniyetmələrin belə müəssisələrə cəlb olunmalarına diqqətin artırılmasının vacib olduğu bildirilib.
Təlim-məşğələdə təkliflər müzakirə olunub, suallar cavablandırılıb.