Şriftin ölçüsü :

Saytın rəngi :

Ağsu rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunları müzakirə olunmuşdur

13 oktyabr 2016 | 11:00

Ötən əsrin 80-ci illərinin sonlarınadək pambıqçılıq kənd təsərrüfatı rayonu olan Ağsuda aqrar sektorun aparıcı sahələrindən idi. Lakin sonradan bu sahə demək olar ki, unuduldu. Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları, pambıqçılığın inkişafına göstərilən dövlət dəstəyi cari ildən etibarən təsərrüfatın bu ənənəvi sahəsinin inkişafına təkan verib. Erkən yazda 1092 hektarda çiyid səpini aparılıb, bol məhsul yetişdirilib. Hələlik tarlalardan 567 ton pambıq yığılıb. Məhsul toplanışı davam edir. Gələn il pambıq əkini sahələrinin 2500 hektara çatdırılması planlaşdırılır.
  Bu məlumat Ağsu rayonunda 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr edilən hesabat yığıncağında səsləndirilib.
  Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və digərləri doqquz ayda rayonda aqrar sahədə, habelə tikinti-quruculuq, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrində görülən işlər barədə ətraflı danışıblar.
  Qeyd olunub ki, 35198 hektar sahədən 105950 ton taxıl, 4081 ton tərəvəz, 4120 ton bostan, 1230 ton kartof istehsal edilib. Bu isə keçən illə müqayisədə çoxdur. Heyvandarlıq məhsulları istehsalı üzrə bütün göstəricilər də ötən ildəkindən artıqdır.
  Ümumiyyətlə, hesabat dövründə rayon üzrə ümumi məhsul buraxılışının həcmi 128 milyon 341,1 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz çoxdur.
  Hesabat dövründə təkcə abadlaşdırma işlərinə 897,5 min manat vəsait sərf edilib. Yerli əhəmiyyətli 29 kilometrlik Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun təmirinə başlanılıb.
  Təhsil, səhiyyə, mədəniyyət sahələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, əhalinin elektrik enerjisi, təbii qazla normal təminatı istiqamətində xeyli işlərin görüldüyü diqqətə çatdırılıb, habelə qarşıda duran həlli vacib məsələlərdən danışılıb.

Keçidlər